Sosial şəbəkələrdə autizmlə bağlı paylaşımların artması valideynlər arasında ciddi narahatlıq yaradıb. Xüsusilə qısa videolar və qeyri-peşəkar məsləhətlərdə uşaqlarda müşahidə olunan bəzi adi davranışların “autizm əlaməti” kimi təqdim edilməsi bir çox ailəni təşvişə salıb. Valideynlər artıq övladlarının hər hərəkətini analiz edir, normal inkişaf mərhələsi ilə həqiqi risk əlamətlərini ayırd etməkdə çətinlik çəkirlər. 




Bəs hansı davranışlar uşağın yaşına uyğun normal inkişaf mərhələsi hesab olunur, lakin valideynlər tərəfindən səhvən autizm əlaməti kimi qəbul edilir?




Sfera.az-a bu haqda açıqlama verən neonatoloq, pediatr Aidə Əliyevanın sözlərinə görə, sosial şəbəkələrdə paylaşılan bu tip materiallar marifləndirici xarakter daşısa da, çox zaman mənfi tərəfləri də özündə təzahür etdirir:




“Autizm ciddi bir xəstəlikdir, ciddi bir diaqnozdur. Hansısa bir əlamətə görə uşağa autizm diaqnozu qoymaq düzgün olmaz. Tez-tez rast gəlinən, valideynləri narahat edən əlamətlərdən biri odur ki, uşaq göz kontaktı qurmur. Yəni göz kontaktını ya ümumiyyətlə qurmur, ya da qısa müddətli qurur. Bəzi uşaqlar bu kontaktı gah qurur, gah qurmur. Elə olur ki, uşaq utancaq olur və yaxud təbiəti elədir ki, çox kontakta girməyi sevmir, yəni bu, onun təbiətindən irəli gəlir. Amma əgər uşaqda digər əlamətlər normaldırsa, yəni autizm əlamətləri yoxdursa və uşaq sosialdırsa, buna o qədər də narahat olmuruq”.


 





Mütəxəssis ən çox narahat edən əlamətlərdən birinin uşaqlarda təkrarlanan hərəkətlər olduğunu qeyd edib:




“Uşaqlar ümumiyyətlə təkrarlanan hərəkətləri sevirlər və uşaq sosialdırsa, kontakta girirsə, emosionaldırsa, jestləri varsa, biz buna narahat olmuruq. Digər əlamətlərdən biri də uşağın tək oynamasıdır. Ümumiyyətlə, uşaqlar 1 yaşdan 2 yaşa qədər, bəzi uşaqlarımızı isə xüsusi qeyd etmək istəyirəm ki, introvert uşaqlar tək oynamağı xoşlayırlar. 2 yaşdan 3 yaşa qədər olan dövrdə isə uşaqlarda paralel oyun mərhələsi olur. Yan-yana olsalar belə, bir-birilə oynamaya bilərlər, sadəcə yandakı oyuncaqlarla oynayırlar. Və nitqin geriləməsi. Bu da valideynləri narahat edir və uşaqların nitqi yoxdursa, bunun autizm əlaməti olduğu düşünülür. Xeyr, əgər sizin uşağınız bir neçə sözü deyirsə (az da olsa), sizin komandalarınızı başa düşürsə, kontakta girirsə problem yoxdur. 3 yaşa qədər uşağın danışığında, xüsusən də bizim dövrdə (informasiya çox olan dövrdə), müəyyən qədər ləngimə olması normal sayıla bilər. Bəs valideynlər ən çox nə zaman narahat olmalıdırlar? Əgər uşağın əşyalara bağlılığı daha çoxdursa, emosiyaları yoxdursa, sosiallaşa bilmirsə, insanlar onun maraq dairəsinə daxil deyilsə, sanki öz dünyasında yaşayırsa, o zaman narahat olmalısınız. Və təkrarlanan hərəkətlər (stereotiplər deyilir) davamlı şəkildə eyni formada təkrarlanırsa və siz heç cür uşağın diqqətini yayındıra bilmirsinizsə, uşaq davamlı olaraq eyni hərəkətləri edirsə, bəli, o zaman narahat olmaq lazımdır. Ümumiyyətlə, öz-özünüzə diaqnoz qoymayın. Valideyn çalışmalıdır ki, vaxtında pediatr müayinəsi aparılsın. Əgər pediatrın bir şübhəsi olarsa, nevropatoloqa və psixiatra vaxtında müraciət edin. Yəni valideynlərdə yaranan bu təşviş çox vaxt, öz təcrübəmdən deyirəm, əsassız olur. Və çox vaxt uşağın başqa problemi olur, amma autizm sanki maska kimi diaqnoz qoyulur, deyilir ki, bu uşaqda autizm var, amma sonradan məlum olur ki, uşağın eşitmə problemləri var imiş. Və yaxud uşaq dərin bir depressiya vəziyyətində imiş. Yəni buna görə sosial şəbəkələrdə olan informasiyaya baxıb təşvişə düşməkdənsə, mütəxəssislə valideynlərin məsləhətləşməsi daha doğru olar”.




Bəsti Rəfizadə

Sfera.az