ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda artıq yalnız hərbi deyil, mülki obyektlərin də hədəfə alındığı müşahidə olunur. Rəsmi açıqlamalar və son hadisələr göstərir ki, qarşıdakı günlərdə mülki obyektlərə yönələn hücumların intensivliyi daha da artacaq.
Bəs mülki hədəflərin daha çox vurulması gələcəkdə İran iqtisadiyyatı üçün hansı risklər yaradır? İqtisadi vəziyyətin daha da ağırlaşması ehtimalı varmı?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Şakir Ağayev bildirib ki, İran iqtisadiyyatı onsuz da ağır vəziyyətdə idi:
“Məhz iqtisadi durum, İran rialının sürətlə dəyərdən düşməsi, devalvasiya və ümumi iqtisadi çətinliklər yanvar-fevral aylarında ölkədə ciddi daxili iğtişaşlara səbəb oldu. Bir neçə gün davam edən hökumət əleyhinə mitinqlər, piketlər və yürüşlər keçirilirdi. Hazırkı şəraitdə isə vəziyyət daha da gərginləşir. Hücumların artması ilə bağlı danışanda nəzərə almaq lazımdır ki, bu hücumlar artıq reallıqdır. İranın onlarla universiteti vurulub, zavodları, fabrikləri hədəfə alınır. Təbii ki, bu da onsuz da çətin durumda olan İran iqtisadiyyatı üçün çox böyük risklər yaradır. İran bunu anlayır və demək olar ki, fasiləsiz şəkildə hücumlara məruz qalır, istər ABŞ, istərsə də İsrail tərəfindən. Ancaq bu proses yalnız İran iqtisadiyyatını sarsıtmır. İran da öz növbəsində Hörmüz boğazının bağlanması, Körfəz ölkələrinin hədəfə alınması kimi addımlarla təkcə özünə deyil, dünya iqtisadiyyatına da ağır zərbələr vurur. Dünya enerji resurslarının, neft və qazın təxminən 20 faizi məhz bu boğazdan keçirdi. Eyni zamanda kənd təsərrüfatı üçün vacib olan gübrə daşımalarının da əhəmiyyətli hissəsi təxminən 30 faizi bu marşrutdan keçirdi və hazırda bu axın ciddi şəkildə pozulub. Bu isə qlobal miqyasda ərzaq qıtlığı, təchizat zəncirinin qırılması və hətta aclıq təhlükəsi yarada biləcək çox ciddi bir riskdir”.
Ş.Ağayev əlavə edib ki, əgər müharibə uzun müddət davam etsə və Körfəz marşrutu bağlı qalsa, bunun nəticələri daha da ağır ola bilər:
“Onsuz da çətin durumda olan İran, öz iqtisadi böhranının təsirlərini faktiki olaraq bütün dünyaya ixrac edir. Buna görə də bu risklər əvvəldən mövcud idi, indi isə getdikcə daha da artır. Vəziyyət onsuz da ağırdır, amma daha da kəskinləşə bilər. İran üçün ən böyük təhlükələrdən biri də odur ki, ölkənin neft ehtiyatlarının təxminən 90 faizi Xarq adasında cəmlənib. Əgər Tramp bu gün sonlanan ultimatumun arxasında dayanarsa və planlaşdırıldığı kimi Xarq adası da hədəfə alınarsa, bu, İran iqtisadiyyatı üçün son dərəcə ağır zərbə ola bilər. Çünki bu, birbaşa ölkənin əsas enerji və ixrac mərkəzinə zərbə deməkdir. Lakin məsələ təkcə İranla məhdudlaşmır. Eyni zamanda, İran neftindən ən çox faydalanan ölkələrdən olan Hindistan və Çin iqtisadiyyatları da bundan ciddi zərbə ala bilər. Ümumilikdə isə artıq dünya enerji böhranının ilkin əlamətləri başlayıb. Əgər bu proses bir qədər də uzansa, xüsusilə də Hörmüz boğazının bağlı qalması davam etsə, enerji böhranı daha da dərinləşə və qlobal iqtisadi sabitlik üçün ciddi təhlükəyə çevrilə bilər. Bu, artıq təkcə bir ölkənin problemi deyil. Dünyanın istər iqtisadi, istərsə də siyasi ekspertləri xəbərdarlıq edirlər ki, vəziyyət son dərəcə acınacaqlı mərhələyə keçə bilər. Proses uzandıqca daha da kəskin və daha dağıdıcı nəticələr doğura bilər”.
Fidan Hacızadə
Sfera.az