Yaxın Şərqdə uzun illərdir davam edən geosiyasi qarşıdurmalar və böyük güclər arasındakı rəqabət regionu daim qeyri-sabit saxlayan əsas amillərdən biri kimi qiymətləndirilir.
Xüsusilə ABŞ ilə İran arasında münasibətlər zaman-zaman kəskinləşərək həm siyasi, həm də hərbi müstəvidə gərginlik yaradıb. Bu qarşıdurma təkcə iki ölkə ilə məhdudlaşmır, eyni zamanda regiondakı müxtəlif silahlı qruplar, müttəfiqlər və maraq dairələri vasitəsilə daha geniş miqyas alır. Belə bir mürəkkəb fon şəraitində mümkün atəşkəs və ya müharibənin dayandırılması ehtimalı müzakirə olunsa da, bunun davamlı sülhə gətirib çıxarıb-çıxarmayacağı ciddi suallar doğurur.
Bir çox ekspert hesab edir ki, Donald Tramp müharibəni dayandırsa belə, İran və onun regiondakı təsir imkanları çərçivəsində fəaliyyət göstərən qüvvələr təxribat xarakterli addımlarını davam etdirə bilər.
Bu yanaşmanın əsas səbəbi kimi Tehranın uzunmüddətli strateji maraqları, regionda təsirini qorumaq istəyi və ABŞ ilə dərin etimadsızlıq mühiti göstərilir. Maraqlıdır, ekspertləri belə düşünməyə nə vadar edir? Tramp müharibəni dayandırsa, İranın buna cavabı necə ola bilər?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, son proseslər göstərir ki, ABŞ hökuməti tez bir zamanda atəşkəsə getməyə çalışır. Onun fikrincə, bunun səbəbləri Hörmüz boğazının bağlanmasına görə, qlobal neft qiymətlərinin artması və Vaşinqtona qarşı qlobal təzyiqlərin güclənməsidir:
“Eyni zamanda ABŞ-də benzinin bahalaşması və inflyasiyanın artması daxili icitmai etirazları gücləndirir. Hökumət daxilində amerikan milliyyətçiləri (MAGA) ilə yevangelistlər arasında ziddiyyətlər kəskinləşir ki, bu da hakimiyyətdaxili çatları dərinləşdirir. Artıq konqresdə respublikaçıları da əhatə edən konqresmenlər tərəfindən xüsusilə müharibə nazirinin istefası ilə bağlı hökumət üzərində ciddi təzyiqlər var. İranda quru əməliyyatlarının fəlakət olacağını əsaslandıran bir sıra nüfuzlu generalların istefası ordu üçün mənfi presedent yaradır. Ona görə də Tramp təcili atəşkəsdə maraqlı görünür”.
Əli Zülfüqaroğlu diqqətə çatdırıb ki, müharibənin ilk günlərindən fərqli olaraq, zaman keçdikcə vəziyyət daha mürəkkəb xarakter almağa başlayıb:
“Avropa İttifaqının düşdüyü vəziyyət və İranla danışıqlarda maraqlı olan dövlətlərin sayının artması, Rusiya və Çinin mövqeyi, İsrail və ABŞ-yə qarşı beynəlxalq ictimai rəyin birmənalı olaraq mənfi xarakter alması ABŞ-İsrail hökumətləri üçün arzuolunmaz mənzərə formalaşdırır. Bu baxımdan həm də daxili ictimai etirazlardan çəkinən xüsusilə qərb hökumətləri müharibənin əleyhinə siyasət yürütməyə məcburdurlar. Bu isə Çin, Rusiya və məyyən qədər də Tramp administrasiyası baxımından Avropa İttifaqının maraqlarının təmin olunması deməkdir. Baxmayaraq ki, müharibə Avropa İttifaqını ciddi problemlərlə üz-üzə qoyub. Bu problemi həll etmək, yəni neftə olan tələbtlarını ödəmək üçün üçün Avropa İttifaqı ölkələri İranla danışıqlara getməkdə maraqlı görünürlər. Bu isə ABŞ-yə ciddi zərbə deməkdir. Vəziyyətin çoxtərəfli xarakter alması onu deməyə əsas verir ki, Hörmüz boğazının açılması ilə bağlı İran təkbaşına qərar verməyəcək. Ona dəsətək verən Rusiya və Çinlə koordinasiyalı fəaliyyət yürüdəcək. Tramp isə atəşkəs müqabilində Hörmüz boğazının açılmasını istəyir. Bununla xüsusilə daxildə yaranan və getdikcə dərinləşən gərgin vəziyyəti tədricən stabilləşdirməyə çalışır”.
Siyasi şərhçi vurğulayıb ki, Hörmüz boğazı qapalı qalacaqsa, atəşkəs də mümkün olmayacaq:
“Nəticədə ABŞ quru əməliyyatlarına getməyə və ya mülki insanların öldürülməsi ilə nəticələcək və İranın enerji infrastrukturunu hədəf alacaq daha ağır bombardmanlara gedə bilər ki, bu da İranı İsrail və körfəz ölkələri ilə bağılə adekvat addımlara sövq edəcək. Nəticədə Yaxın Şərqdə tam fərqli geosiyasi mənzərə yaranacaq. Fikrimcə, Tramp admnistrasıyasına qarşı olan güclər, Fransa başda olmaqla Avropa İttifaqı, Çin və Rusiya bunda maraqlı ola bilər. Yəni Tramp hökumətinin daha çox səhv etməsi üçün zəmin formalaşdırılır. Digər məsələ isə etimad mühiti ilə bağlıdır. İran bəyan edir ki, müvəqqəti yox, qalıcı atəşkəs istəyir, amma ABŞ və İsrailə etibar etmir. Bunun üçün də danışıqlar davam etdiyi halda 2 dəfə bombalanan İranın ciddi arqumentləri var. Bu arqumentlər isə Trampın daha dərin bataqlığa düşməsinə çalışan güclər üçün də fürsətdir...”.
Niyaz Hacıyev
Sfera.az