Yaxın Şərqdə son dövrlər müşahidə olunan gərginlik yeni mərhələyə qədəm qoyur. İranla aparılan danışıqların nəticəsiz qalması regionda onsuz da kövrək olan vəziyyəti daha da sarsıdıb. Xüsusilə Tehranla əsas məsələlər – nüvə proqramı, regional təsir imkanları və beynəlxalq sanksiyalar ətrafında ortaq məxrəcə gəlinməməsi qarşıdurma riskini artıran əsas faktorlar kimi ön plana çıxır. Bu fonda İsrailin hərbi hazırlıq səviyyəsini maksimum həddə çatdırması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Analitiklər hesab edirlər ki, tərəflər arasında etimadın demək olar ki, tamamilə itməsi və diplomatik kanalların effektiv nəticə verməməsi hər an yeni eskalasiya dalğasının başlaya biləcəyini deməyə əsas verir.
Mövcud vəziyyət artıq sadəcə siyasi gərginlik deyil, həm də hərbi risklərin real ssenariyə çevrildiyi həssas mərhələ kimi qiymətləndirilir.
Sfera.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, Pakistanda keçirilən danışıqların nəticəsiz qalması Yaxın Şərqdə onsuz da gərgin olan geosiyasi mühiti daha riskli mərhələyə keçirib.
Onun sözlərinə görə, bu uğursuzluq təsadüfi deyil; tərəflər arasında əsas ziddiyyətlər, xüsusilə İranın nüvə proqramı, regional təsir dairəsi və sanksiyalar məsələsi həll olunmamış qalır:
“Bu isə o deməkdir ki, danışıqlar sadəcə vaxt qazandıran mexanizm rolunu oynayıb, münaqişənin mahiyyətini aradan qaldırmayıb. Mövcud vəziyyətdə hərbi toqquşmaların yenidən başlaması ehtimalı kifayət qədər realdır. Çünki hazırkı atəşkəs davamlı sülh sazişinə deyil, müvəqqəti razılaşmaya əsaslanır. Belə hallarda tərəflər adətən paralel şəkildə həm diplomatik, həm də hərbi hazırlıqlarını davam etdirirlər. İsrailin ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirməsi də məhz bu yanaşmanın göstəricisidir. Bu, yalnız müdafiə xarakterli addım deyil, eyni zamanda mümkün preventiv zərbələrin siqnalı kimi də qiymətləndirilə bilər”.
Siyasi şərhçi qeyd edib ki, İranın geri addım atmaması və öz strateji proqramlarından imtina etməməsi qarşıdurmanın struktur səbəblərinin hələ də qüvvədə olduğunu göstərir:
“Bu isə hər hansı kiçik insidentin belə sürətlə eskalasiyaya çevrilə biləcəyini deməyə əsas verir. Xüsusilə proksi qüvvələrin – regiondakı silahlı qrupların aktivləşməsi riski münaqişəni daha geniş coğrafiyaya yaya bilər.
Bununla belə, tammiqyaslı müharibənin dərhal başlanacağını demək də düzgün olmaz. Çünki tərəflər, xüsusilə böyük güclər, belə bir ssenarinin iqtisadi və siyasi nəticələrinin çox ağır olacağını anlayırlar. Buna görə də müəyyən səviyyədə “idarə olunan gərginlik” modeli də mümkündür, yəni açıq müharibə yox, amma davamlı lokal toqquşmalar və qarşılıqlı təzyiq siyasəti.
Ümumiyyətlə, hazırkı vəziyyət “sülh” mərhələsi deyil, daha çox yeni eskalasiyaya keçid üçün aralıq mərhələ kimi qiymətləndirilə bilər. Əgər yaxın zamanda yeni və daha ciddi diplomatik təşəbbüslər ortaya çıxmasa, hərbi toqquşmaların yenidən başlaması ehtimalı yüksək olaraq qalacaq”.
Firuzə Əliyeva
Sfera.az