Son günlərdə regionda baş verən mürəkkəb geosiyasi proseslər, xüsusilə böyük güclər arasında artan rəqabət və müxtəlif istiqamətlərdə dəyişən maraq balansı fonunda Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamikası yenidən diqqət mərkəzinə gəlib. Müxtəlif səviyyələrdə - həm hökumətlərarası, həm də parlamentlərarası platformalarda təmasların intensivləşməsi iki ölkə arasında dialoqun daha aktiv mərhələyə keçdiyini göstərir.
Bu isə təbii olaraq belə bir sual yaradır: əvvəllər müşahidə olunan müəyyən soyuqluq artıq aradan qalxır, yoxsa bu, sadəcə cari şəraitin diktə etdiyi praqmatik əməkdaşlıq mərhələsidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndəsi Elçin Mirzəbəyli bildirib ki, son dövrlərdə Azərbaycan ilə Rusiya arasında hökumətlərarası və parlamentlərarası təmasların intensivləşməsi münasibətlərdə nisbi dinamikanın formalaşdığını göstərir.
Onun sözlərinə görə, bu proses əvvəlki mərhələdə müşahidə olunan və qarşı tərəfdən qaynaqlanan gərginliyin müəyyən dərəcədə yumşaldığını deməyə əsas versə də, onu tam və dərin strateji yaxınlaşma kimi qiymətləndirmək hələ tezdir:
“Daha doğru yanaşma ondan ibarətdir ki, tərəflər qarşılıqlı maraqların üst-üstə düşdüyü sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır, fikir ayrılıqları olan məsələlərdə isə praqmatik və ölçülüb-biçilmiş xətti qoruyurlar. Hazırkı mərhələdə iqtisadi-ticarət əlaqələri, nəqliyyat-logistika layihələri və regional təhlükəsizlik məsələləri əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Xüsusilə tranzit və kommunikasiya xətləri kontekstində Azərbaycan ilə Rusiya arasında qarşılıqlı maraq kifayət qədər yüksək olaraq qalır. Bununla belə, bu əməkdaşlığın konkret məzmunu regional və qlobal geosiyasi proseslərdən birbaşa asılıdır. Bu baxımdan ABŞ-İran qarşıdurması və aktiv hərbi əməliyyatların müvəqqəti dayandırılması fonunda əldə olunan atəşkəs hələ sabit sülh anlamına gəlmir və qarşıdurmanın yenidən kəskinləşməsi ehtimalı qalır. Bu isə öz növbəsində bir sıra beynəlxalq və regional nəqliyyat dəhlizləri və marşrutları üçün əlavə risklər yaradır. Nəzərə alsaq ki, Rusiya üçün hazırda prioritet sayılan Şimal-Cənub istiqamətinin əsas quru hissəsi İran üzərindən keçir və həmçinin İranın hazırda münaqişə zonasında olan limanlarına çıxır, o zaman ümumi mənzərənin bəzi detallarını göz önünə sərgiləmək mümkündür”.
E.Mirzəbəyyli qeyd edib ki, mövcud şəraitdə Şimal–Cənub istiqaməti strateji əhəmiyyətini qorusa da, onun praktiki effektivliyi məhdudlaşıb:
“Bu səbəbdən alternativ və tamamlayıcı marşrutlara maraq artır. Xüsusilə Şərq-Qərb dəhlizi və onun tərkib hissəsi kimi nəzərdən keçirilən Zəngəzur istiqaməti daha sabit və proqnozlaşdırıla bilən xətt kimi ön plana çıxır. Bu marşrutun Cənubi Qafqaz və Mərkəzi Asiya üzərindən keçməsi onu yüksək riskli geosiyasi zonalardan nisbətən kənarda saxlayır və beynəlxalq ticarət üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, mövcud reallıq göstərir ki, söhbət alternativlərin rəqabətindən deyil, daha çox qarşılıqlı tamamlanmadan gedir. Azərbaycan öz coğrafi mövqeyindən irəli gələrək həm Şimal-Cənub, həm də Şərq–Qərb istiqamətlərində iştirakını və təhlükəsiz, rəqabətə davamlı, rentabelli regional hab funksiyasını qoruyur. Bu yanaşma ölkənin tranzit potensialını artırmaqla yanaşı, dəyişkən geosiyasi mühitdə risklərin balanslaşdırılmasına da xidmət edir. Prosesə son günlərin göz önündə olan reallıqları müstəvisindən yanaşsaq, deyə bilərik ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində müşahidə olunan yaxınlaşma daha çox qarşılıqlı faydalı praqmatik əməkdaşlıq çərçivəsində inkişaf edir. Regional proseslər, xüsusilə də Yaxın Şərqdəki qeyri-müəyyənliklər fonunda müəyyən dəyişikliklər baş versə də, ümumi strateji xətt effektiv çoxşaxəli və balanslaşdırılmış siyasətin davam etdirilməsinə əsaslanır. Bu isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan geoiqtisadi rolunu şərtləndirən əsas amillərdən biridir”.
Firuzə Əliyeva
Sfera.az