Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Frederik Vansina bildirib ki, Avropa İttifaqı (Aİ) nümayəndələrinə görə, Ukraynadakı müharibə 2030-cu ilə qədər davam edə bilər və qarşıdakı dövrdə əsas məqsəd ABŞ-nin iştirakı olmadan Rusiya ilə mümkün hərbi toqquşmaya hazırlaşmaqdır.
Belçikalı general bu müddətdə Rusiyanın digər Avropa ölkələrinə hücum etməyəcəyini bildirib.
Frederik Vansinanın bu açıqlamaları nə dərəcədə reallığı əks etdirir? Ukrayna müharibəsinin 2030-cu ilə qədər uzanması mümkündürmü?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi söyləyib ki, Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fredrik Vansina kimi yüksək səviyyəli hərbi rəsmilərin bu kontekstdə verdikləri açıqlamalar adətən kəşfiyyat xarakterli məlumatdan daha çox, strateji planlaşdırma xarakterli məlumat kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, yüksək çinli hərbçilər tərəfindən verilən belə məlumatlar ən pis ssenari ehtimalına qarşı hazırlıq məqsədi daşıyır və Ukrayna müharibəsinin 2030-cu ilə qədər uzanması ehtimalı da məhz bu səbəbdən bu istiqamətdə verilən məlumat kimi dəyərləndirilə bilər:
“Burada “hazır olmalıyıq” mesajı açıq şəkildə ifadə olunur. Əlbəttə ki, belçikalı generalın dedikləri tamamilə mümkündür, amma qəti deyil. Ukraynadakı müharibə artıq klassik sürətli müharibə fazasından çıxaraq uzunmüddətli mövqe müharibəsinə çevrilib. Bu qədər zaman keçməsinə baxmayaraq, tərəflərin heç biri həlledici üstünlük əldə edə bilməyib. Bu tip müharibələr tarixdə çox vaxt uzunmüddətli olur. Koreya müharibəsi, İran-İraq müharibəsi və digər buna bənzər müharibələr tarixdə kifayət qədərdir. Bu səbəbdən Avropa hərbçiləri Ukrayna-Rusiya müharibəsinin də bu və digər amillərə görə uzunmüddətli olacağını bildirirlər. Burada ən böyük amil resurslara malik olmaqdır. Rusiya bütün kateqoriyalar üzrə böyük resurslara malik ölkədir. Ukrayna isə Qərbdən kifayət qədər dəstək alır. Bu balans, əlbəttə ki, müharibənin uzanmasını təmin edən əsas amillərdəndir”.
Ç.Şahbazi bildirib ki, digər tərəfdən, Putin geri addım atan deyil:
“Ukrayna isə öz növbəsində güzəştə getməyəcəyini qətiyyətlə bəyan edir. Bu da tərəflər arasında kompromisi çətinləşdirir. NATO və Avropa İttifaqı, müəyyən mənada müharibənin gərginləşməsinə etiraz etsələr də, onun uzanmasından narahat görünmürlər. Çünki belə bir vəziyyətdə zaman qazanaraq silah istehsalını artırır və ordularını gücləndirirlər. Bu isə onlara həm təhlükəsizlik baxımından, həm də ABŞ-dən asılılığı azaltmaq baxımından üstünlük verir. Rusiya hazırda əsas gücünü Ukrayna cəbhəsində xərcləyir. İkinci cəbhənin açılması Rusiya üçün həm riskli, həm də böyük xərclər deməkdir. Bu baxımdan belçikalı generalın “Rusiya bu müddətdə digər Avropa ölkələrinə hücum etməyəcək” fikri məntiqə uyğun şəkildə səsləndirilib. Rusiya belə bir vəziyyətdə NATO ilə müharibə riskindən çəkinir. Amma risk sıfıra bərabər deyil və Avropa buna görə ehtiyatlı davranmağa üstünlük verir. ABŞ-nin lazımi səviyyədə dəstək verəcəyi də sual altındadır. Həmçinin Tramp kimi siyasətçilərin ritorikası bu narahatlığı artırır. Bu baxımdan Avropa özünü müdafiə edən güc olmaq yolunda bütün mümkün variantlardan yararlanmaq niyyətindədir”.
Fidan Hacızadə
Sfera.az