Son illərdə dünyada rəqəmsallaşma və texnoloji inkişafın sürətlənməsi fonunda süni intellekt (Sİ) sahəsi dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilib. Bir çox ölkələr bu sahədə milli strategiyalar qəbul edərək həm iqtisadi, həm də innovativ potensiallarını gücləndirməyə çalışırlar. Region ölkələri arasında da süni intellektin tətbiqi və inkişafı üzrə rəqabət getdikcə artır.




Maraqlıdır, Azərbaycan süni intellekt strategiyası baxımından region ölkələri ilə müqayisədə hansı mərhələdədir?




Süni intellekt mütəxəssisi Ümid Salay Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycan süni intellekt strategiyası baxımından artıq hazırlıq mərhələsini keçib, icra mərhələsinə daxil olan ölkələr qrupundadır.


 


Onun sözlərinə görə, bunun əsas səbəbi odur ki, ölkədə strategiya mövcuddur:




“Ölkədə artıq ayrıca Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası mövcuddur, 2026–2028 rəqəmsal inkişaf fəaliyyət planı bu strategiya ilə uzlaşdırılıb, Sİ üzrə monitorinq mexanizmi qurulub və milli standartların tətbiqinə başlanıb. Bu, sadəcə niyyət yox, institusional çərçivənin formalaşdığını göstərir. Əgər “region” dedikdə ilk növbədə Cənubi Qafqaz nəzərdə tutulursa, Azərbaycan hazırda mənzərədə daha öndə görünür. “Oxford Insights”in 2025 “Government AI Readiness Index” nəticələrinə görə Azərbaycan 69-cu yerdədir; eyni müqayisədə Gürcüstan 84-cü, Ermənistan isə 108-ci yerdə göstərilib. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda hazırda daha sistemli dövlət hazırlığı nümayiş etdirən ölkə təsiri bağışlayır".


 




Mütəxəssis əlavə edib ki, amma müqayisəni daha geniş regiona, məsələn, Türkiyə və Qazaxıstanı da daxil etməklə aparılsa, Azərbaycanı hələ lider yox, daha çox sürətlə yaxınlaşan orta-yuxarı qrup kimi görmək olar:




“Türkiyənin 2021-2025 Milli Süni İntellekt Strategiyası var və 2024-2025 fəaliyyət planı ilə onu yeniləyib. Türkiyə 2025 indeksində 48-ci yerdə göstərilir. Qazaxıstan isə 2024-2029 Sİ inkişaf konsepsiyası, ayrıca süni intellekt qanunu və yeni institusional çərçivə ilə daha aqressiv dövlət quruculuğu xətti seçib. 2025 indeksində 58-ci yerdə göstərilir. Bu mənada Azərbaycan Cənubi Qafqaz üzrə öndə olsa da, daha iri regional oyunçularla müqayisədə hələ bir pillə aşağıdadır. Gürcüstanın yanaşması isə bir qədər fərqlidir. Orada Sİ ayrıca milli strategiya kimi deyil, daha çox 2025–2030 rəqəmsal iqtisadiyyat və informasiya cəmiyyəti strategiyasının tərkib hissəsi kimi görünür. Eyni zamanda maliyyə sektorunda Sİ "sandbox" kimi pilot addımlar atılır. Qısa nəticə belədir: Azərbaycan bu gün Sİ strategiyası baxımından regionda geridə qalan ölkə deyil. Əksinə, o, artıq strategiya, monitorinq, standartlaşma və dövlət idarəçiliyinə inteqrasiya xəttinə keçib. Cənubi Qafqaz daxilində ön sıradadır, amma daha geniş regional müqayisədə, xüsusilə Türkiyə və Qazaxıstan fonunda, hələ tam yetkin lider yox, sürətlə möhkəmlənən oyunçu mərhələsindədir. Məncə, növbəti əsas sual artıq strategiyanın olub-olmaması deyil. Bu strategiyanın nə qədər tez real məhsula, dövlət xidmətinə, insan kapitalına və Sİ əsaslı biznesə çevriləcəyidir”.


 


Niyaz Hacıyev

Sfera.az