Müasir valideynlər arasında yeni bir tendensiya formalaşıb – uşaqları hələ bağça yaşından müxtəlif inkişaf kurslarına yönləndirmək. Rəqs, gimnastika, üzgüçülük, şahmat, rəsm və xarici dil dərsləri artıq bir çox ailələr üçün adi hala çevrilib.
Məqsəd isə aydındır, daha intellektual, bacarıqlı və gələcəyə hazır bir nəsil yetişdirmək. Lakin bu yanaşma ilə bağlı cəmiyyətdə mübahisələr də artır. Bəziləri bunu uşağın erkən inkişafı üçün böyük fürsət hesab etdiyi halda, digərləri bunun azyaşlıların psixoloji və zehni yüklənməsinə səbəb olduğunu düşünür.
Həqiqətən, bu qədər fəaliyyət uşaqlar üçün faydalıdır, yoxsa onların təbii inkişaf ritmini pozur? Eyni vaxtda 4-5 fərqli sahə üzrə kursa gedən uşağın beyni daha yaxşı inkişaf edəcək yoxsa əksinə?
Sfera.az-a bu haqda açıqlama verən neyropsixoloq Aytəkin Aslanın sözlərinə əsasən, artıq uşağın sadəcə sağlam böyüməsi kifayət sayılmır. Valideynlər daha çox bacarıqlı, çoxyönlü və gələcəyə hazır bir fərd yetişdirməyə fokuslanırlar. Ekspertin fikrincə, ilk baxışda bu yanaşma olduqca müsbət və perspektivli görünsə də, uşaq beyni üçün çox təhlükəlidir:
“Uşaq beyninin inkişafı mərhələli və həssas bir prosesdir. Erkən yaş dövründə beyin sürətlə yeni əlaqələr qurur, lakin bu inkişafın təbii ritmi var. Hər yeni bacarıq, hər yeni öyrənmə təcrübəsi beynə stimul versə də, həddindən artıq stimul əks effekt yarada bilər. Xüsusilə eyni anda bir neçə fərqli sahədə intensiv məşğuliyyət uşağın diqqətini bölə, zehni yorğunluğa və motivasiya itkisinə səbəb ola bilər. Neyropsixoloji baxımdan baxdıqda, uşaqlar üçün ən vacib “fəaliyyət” sərbəst oyundur. Sərbəst oyun zamanı uşaq həm emosional, həm sosial, həm də koqnitiv bacarıqlarını təbii şəkildə inkişaf etdirir. Planlaşdırılmış kurslar isə daha çox struktur və qayda tələb edir ki, bu da uzun müddətdə uşağın daxili motivasiyasını zəiflədə bilər. Uşaq öyrənmək üçün yox, “yerinə yetirmək” üçün fəaliyyət göstərməyə başlayır”.
Mütəxəssis düzgün seçilmiş və balanslı şəkildə təşkil olunmuş kursların uşağın inkişafına müsbət təsir göstərdiyini bildirib:
“Məsələn, həftədə 1-2 fəaliyyət növü uşağın maraqlarını kəşf etməsinə və özünü ifadə etməsinə kömək edir. Burada əsas məsələ say deyil, keyfiyyətdir. Uşağın hər sahədə “bir az” olması yox, sevdiyi sahədə dərinləşməsi daha sağlam inkişaf modelidir. Valideynlərin tez-tez etdiyi səhvlərdən biri də uşağın potensialını erkən yaşda maksimum səviyyəyə çatdırmaq istəmələridir. Halbuki inkişaf bir yarış deyil. Uşaq bir layihə deyil ki, üzərində nə qədər çox işləsən, o qədər mükəmməl nəticə əldə edəsən. O, hiss edən, yorulan, sıxılan və ən əsası, oyun oynamaq istəyən bir varlıqdır. Məhz bu nöqtədə “super ana” anlayışına yenidən baxmaq lazımdır. Bugünkü cəmiyyət çox vaxt belə bir model təqdim edir: yaxşı ana odur ki, uşağını nə qədər çox kursa yazdırırsa, nə qədər çox bacarıq qazandırırsa, o qədər uğurludur. Halbuki həqiqi super analar başqa cür düşünür. Onlar uşaqlarını yoraraq deyil, anlayaraq böyüdürlər. Onlar bilirlər ki, uşaq beyni “çoxlu fəaliyyətlə” deyil, doğru dozada stimul və təhlükəsiz emosional mühitlə inkişaf edir. Hər boş saatı doldurmaq yox, bəzi saatları bilərəkdən boş buraxmaq da bir inkişaf strategiyasıdır. Super ana uşağının cədvəlini deyil, ritmini izləyir.
Onun enerjisini, marağını və yorğunluğunu oxuya bilir. Çünki hər uşaq eyni deyil. Biri hərəkətdə inkişaf edir, digəri sakitlikdə. Biri sosial mühitdə açılır, digəri tək qalanda özünü tapır. Bütün uşaqları eyni “uğur planına” salmaq isə onların fərdiliyini zəiflədir. Ən önəmlisi isə budur: super ana uşağı gələcəyə hazırlayarkən, onun indiki uşaqlığını əlindən almır. Çünki uşaqlıq təxirə salınacaq bir mərhələ deyil, yaşanmalı bir dövrdür. Bəzən ən böyük inkişaf, heç bir kursa getmədiyi bir gündə baş verir. Sadəcə oynayarkən, sadəcə darıxarkən, sadəcə özü olarkən. Nəticə olaraq, erkən inkişaf kursları nə tamamilə zərərlidir, nə də hər zaman faydalı. Bu, necə və nə qədər tətbiq olunduğundan asılıdır. Əgər uşaq kurslara sevə-sevə gedirsə, yorğun və gərgin görünmürsə, bu fəaliyyətlər onun inkişafına dəstək ola bilər. Amma əgər uşaq daim tələsir, yorulur və özünə vaxt tapa bilmirsə, burada artıq inkişafdan yox, yüklənmədən danışmaq lazımdır. Unutmayaq: ən ağıllı uşaq, ən çox kursa gedən deyil, özünü tanıyan, maraqlarını sevən və daxili balansını qoruyan uşaqdır. Və ən “super” ana da hər şeyə “bəli” deyən yox, lazım olanda “yetər” deməyi bacaran anadır”.
Bəsti Rəfizadə
Sfera.az