İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkə limanlarına tətbiq etdiyi blokadanı qəbuledilməz sayaraq bunu hərbi cinayət kimi qiymətləndirib. Məlumata görə, ABŞ-nin tətbiq etdiyi blokada bütün İran əhalisinə qarşı kollektiv cəza xarakteri daşıyır və bu, həm hərbi cinayət, həm də insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.


 


ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın beynəlxalq hüquq baxımından kollektiv cəza və hərbi cinayət kimi qiymətləndirilməsi nə dərəcədə əsaslıdır?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, beynəlxalq hüquqda kollektiv cəza anlayışı əsasən Cenevrə Konvensiyaları çərçivəsində müəyyən olunur və bu termin xüsusilə müharibə şəraitində mülki əhalinin fərdi məsuliyyət daşımadan cəzalandırılmasını qadağan edir: 




“Əgər bir dövlətin tətbiq etdiyi tədbirlər birbaşa mülki əhalinin həyat şəraitini kütləvi şəkildə pisləşdirirsə və bu tədbirlər konkret hərbi zərurətlə əsaslandırılmırsa, belə iddialar müəyyən hüquqi zəmin tapa bilər. Blokadanın özünə gəldikdə isə beynəlxalq hüquqda dəniz blokadası adətən silahlı münaqişə kontekstində, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi və müvafiq dəniz hüququ normaları çərçivəsində qiymətləndirilir. Hörmüz boğazı kimi strateji bir nöqtədə blokadanın tətbiqi vəziyyəti xeyli sərtləşdirir və hüquqi qiymətləndirməni də daha həssas edir. Belə ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün həyati arteriyadır və qlobal neft ticarətinin əhəmiyyətli hissəsi məhz bu marşrutdan keçir. Bu səbəbdən burada tətbiq olunan hər hansı məhdudiyyət təkcə münaqişə tərəflərinə deyil, bütün beynəlxalq ictimaiyyətə təsir göstərir.

Beynəlxalq hüquq baxımından əsas məsələ ondan ibarətdir ki, Hörmüz kimi boğazlar “tranzit keçid” rejiminə tabedir. Bu prinsip BMT-nin Dəniz Hüququ Konvensiyası çərçivəsində təsbit olunub və o deməkdir ki, hətta sahilyanı dövlətlər, yəni İran belə bu cür boğazlarda beynəlxalq gəmiçiliyi tam şəkildə dayandıra bilməz". 


 



Politoloq qeyd edib ki, ABŞ hazırda tətbiq edilən blokadanı İranın addımlarına cavab olaraq əsaslandırır: 


 


“Lakin beynəlxaq hüquqda cavab tədbirinin özü belə mülki və neytral aktorların hüquqlarını geniş şəkildə pozmağa əsas vermir. Yəni İranın Hörmüzdə gəmiçiliyi məhdudlaşdırması ABŞ-yə avtomatik olaraq eyni miqyasda və ya daha geniş blokada tətbiq etmək hüququ vermir.

Kollektiv cəza arqumentinə gəldikdə isə qeyd edim ki, burada təsir dairəsi yalnız İran əhalisi ilə məhdudlaşmır. Enerji bazarlarının bloklanması qlobal qiymət artımına, enerji böhranına və bir çox ölkələrdə iqtisadi çətinliklərə səbəb ola bilər. Bu isə hüquqi müstəvidə kollektiv cəzadan daha çox “beynəlxalq iqtisadi zərər” və neytral dövlətlərin hüquqlarının pozulması kimi müzakirə oluna bilər. Yəni İranın irəli sürdüyü arqument siyasi baxımdan təsirli olsa da, hüquqi baxımdan daha mürəkkəbdir. 

“Hərbi cinayət” məsələsinə gəldikdə isə, yenə də əsas meyar mülki əhaliyə birbaşa və qəsdən zərər vurulub-vurulmamasıdır. Hörmüzdə blokada daha çox qlobal ticarəti hədəf aldığı üçün bunu birbaşa mülki əhalini aclığa məruz qoymaq kimi sübut etmək çətindir. Amma əgər blokada nəticəsində konkret olaraq İran daxilində humanitar böhran yaranarsa və bu, əvvəlcədən proqnozlaşdırıla bilən nəticədirsə, o zaman hüquqi arqument güclənə bilər”.


 


Fidan Hacızadə

Sfera.az