Sosial şəbəkələrdə bloqer Çevikin döyülməsi ətrafında qızğın mübahisələr iki qütbə bölünüb: bir tərəf hadisəni "Qaziyə qarşı barbarlıq" kimi qələmə verir, digər tərəf isə bunu "fikir azadlığına və ateistlərə qarşı dini dözümsüzlük" kimi qiymətləndirir. Hər iki yanaşma məsələni öz ideoloji maraqlarına uyğun birtərəfli çərçivəyə salmağa çalışır. Həqiqət isə bu qütblərin kəsişdiyi sərt reallıqdadır.
Qazilik toxunulmazlıq zirehi deyil!
Hadisənin müzakirəsində ən təhlükəli manipulyasiyalardan biri statusun və ya keçmişin törədilən əməllərə bəraət qazandırması məntiqidir. Çevikin qazi olması onun cəmiyyətdəki həssas dəyərləri aşağılamaq, təhqir etmək hüququ qazandırmır. Vətən qarşısındakı xidmətlər heç kimə başqalarının milli, dini və ya mənəvi dəyərlərini açıq şəkildə alçaltmaq səlahiyyəti vermir. Dominos pizza
Eyni zamanda, "qazi döyüldü" deyə məsələni dərhal bütün qazilərin zəhmətinin yerə vurulması kimi təqdim etmək də yanlışdır. Çevikin təhqir etdiyi kütlənin içində də minlərlə qazi və şəhid ailəsi var. Bir fərdin təxribatçı hərəkətləri onun kimliyindən asılı olmayaraq tənqid oluna bilər, lakin bu tənqid heç vaxt fiziki zorakılıq həddinə çatmamalıdır.
Zorakılığa dini bəraət qazandırmaq səhvdir!
Məsələnin digər tərəfi də eyni dərəcədə qüsurludur. Ateist və ya fərqli düşünən bir şəxsin təxribatçı, səviyyəsiz və aqressiv üslubda çıxışlar etməsi hər hansı bir vətəndaşın özbaşına "ədalət mühakiməsi" həyata keçirməsinə haqq qazandırmır. Bəzilərinin bu hadisəni islam dininə və dindarlara qarşı hücum vasitəsinə çevirməsi, digər tərəfdən isə zorakılıq törədənlərə dini əsaslarla haqq qazandırmağa çalışması qəbuledilməzdir.
Eyni məntiqi ateistlərin və ya sekulyar düşüncə sahiblərinin mövqeyinə tətbiq etdikdə qarşı tərəfdən eyni dərəcədə qüsurlu olan güzgü effekti ortaya çıxır.
Bir dindarın öz əqidəsini və ya müqəddəs dəyərlərini qorumaq adı ilə fiziki gücə (yumruğa) əl atması nə qədər absurddursa və inancın ruhuna ziddirsə, məsələni fiziki təzyiqlə həll etməyə çalışmaq bir o qədər məğlubiyyətdir. İnanc və mənəviyyat qəlb və zəka məsələsidir. Onu zorla, fiziki təzyiqlə kiməsə qəbul etdirmək və ya "isbatlamaq" qeyri-mümkündür.
İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə inanc azadlığı açıq şəkildə vurğulanır:
"Dində zorakılıq yoxdur." (Bəqərə, 2:256)
"Sənin dinin sənə, mənim dinim mənə." (Kafirun, 109:6)
"Allah din müqabilində sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxarmayan kəslərə yaxşılıq etməyinizi və onlarla ədalətli rəftar etməyinizi qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli olanları sevir." (Mümtəhinə, 60:8)
Bu baxımdan, kiminsə inancları alçaltdığı bəhanəsi ilə fiziki zorakılığa əl atması nə dövlət qanunlarına, nə də İslamın təməl prinsiplərinə uyğundur. Zorakılıq tətbiq edən şəxs dini dəyərləri qoruduğunu iddia etsə belə, əslində həmin dəyərlərin təməl əxlaqına zidd hərəkət etmiş olur.
Eyni şəkildə, bir ateistin və ya fərqli düşünən şəxsin öz dünyagörüşünü ifadə edərkən milyonlarla insanın həssas olduğu dini dəyərləri açıq şəkildə söyüş, təhqir və aşağılayıcı leksikonla hədəf alması da eyni dərəcədə qüsurlu "yumruq" effektidir. Fikir azadlığı başqalarının dəyərlərini alçaltmaq azadlığı deyil. Necə ki Allahın varlığını fiziki yumruqla sübut etmək qeyri-mümkündürsə, hər hansı bir ideologiyanın və ya ateizmin haqlılığını da qarşı tərəfin müqəddəslərini söyməklə, təhqir etməklə "isbatlamaq" və ya üstünlük qazanmaq mümkün deyil.
Həm inancın fiziki zorakılıqla qəbul etdirilməyə çalışılması, həm də inkarın təhqir və təxribatla sirayət etdirilməsi eyni kökdən gələn radikalizmdir.
Hər iki tərəf qanun qarşısında cavab verməlidir
Məsələyə birtərəfli – ya yalnız "qaziyə haqsızlıq", ya da yalnız "ateizmə təzyiq" kimi baxmaq doğru yanaşma deyil, süni qütbləşmə yaratmaq cəhdidir. Çevikin təxribatçı və təhqiramiz ifadələri qınanmalı, hüquqi müstəvidə cəzalanmalıdır (bir dəfə bu olub), eynilə ona qarşı tətbiq edilən fiziki zorakılıq da qanunla və ədalətlə bir araya sığmadığına görə müvafiq qaydada hesab çəkilməlidir. Hüquqi dövlətdə problemlərin həlli yolu küçə ədaləti ilə deyil, qanun çərçivəsində hüquqi müstəvidir. Bu gün oxuduğum bir xəbərdə deyilir ki, hüquq-mühafizə orqanları həm təxribat xarakterli təhqirləri, həm də fiziki zorakılıq aktını artıq araşdırıb, müvafiq tədbir görməkdədirlər. Hər iki tərəf törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir.
Allahın varlığını və ya "yoxluğunu" fiziki zorakılıqla, küçə qanunları ilə sübut etməyə çalışmaq ibtidai instinktlərin təzahürüdür. Cəmiyyətdə hər hansı haqsızlıq və ya təhqir baş verərsə, bunun tək ünvanı qanunun aliliyi və hüquqi mexanizmlərdir.
Dövlət hər hansı bir fərdin və ya qrupun küçələrdə özbaşına "ədalət mühakiməsi" həyata keçirməsinə, özünü "prokuror" və "hakim" yerinə qoymasına əsla göz yummayıb və yummayacaq. Qanunsuzluğa, fiziki zorakılığa və cəmiyyətdə süni narazılıq yaratmağa cəhd edənlər qarşında Dövlətimizin gücü və sərt hüquqi addımlar atmaq qətiyyəti hər zaman olub və olacaq.
Heç bir kəs qanundan üstün deyil!
Sənan Nəcəfov
Telegram kanalımız