Yəmənin üsyançı Ənsar Allah hərəkatının husiləri ABŞ Prezidenti Donald Trampın regiondakı siyasətinə cavab olaraq Ərəbistan yarımadasını Afrikadan ayıran Bab əl-Məndəb boğazını beynəlxalq gəmiçilik üçün bağlamağa hazır olduqlarını təsdiqləyiblər.


 


Bu açıqlamanı hərəkatın liderlərindən biri və husilərin rəhbərlik etdiyi hökumətdə xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi verib.


 


Bəs görəsən, Bab əl-Məndəb boğazının beynəlxalq gəmiçilik üçün bağlanması və ya blokadaya düşməsi dünya ticarətinə, xüsusilə neft və enerji qiymətlərinə necə təsir edə bilər? Belə bir ssenari baş verərsə, yük daşımalarında xərclərin artması və qlobal təchizat zəncirində hansı problemlər yarana bilər?


 


Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Bab əl-Məndəb boğazı dünya ticarəti üçün kritik əhəmiyyət daşıyan strateji su yollarından biridir.


 



 


Onun sözlərinə görə, hər il bu boğazdan təxminən 20-25 min gəmi keçir və qlobal neft ticarətinin 10-15 faizə qədəri buradan həyata keçirilir:


 


“Bu boğaz Süveyş kanalına gedən əsas dəniz marşrutu üzərindədir. Asiya, Orta Şərq, Avropa arasındakı ən qısa dəniz yolu məhz buradan keçir. Bu faktlar boğazın bağlanması və ya ciddi şəkildə məhdudlaşdırılmasının qlobal ticarət üçün nə qədər ağır nəticələrə yol açacağını aydın ortaya qoyur. Boğazın bağlanması halında ən birinci və ən kəskin təsir enerji bazarlarında özünü göstərər. Körfəz ölkələrindən, Səudiyyə Ərəbistanı, İraq, Küveyt Avropa və Şimali Amerika bazarlarına gedən neft tankerləri alternativ marşruta keçmək məcburiyyətindədir. Bu alternativ isə Afrikanın cənubunu, yəni Ümid Burnu marşrutunu əhatə edir. Bu yol əsas marşrutdan 6.000-7.000 dəniz mili uzundur və gediş müddətini 2-3 həftə artırır. Buna uyğun olaraq daşıma xərcləri kəskin yüksələr, bu da neft qiymətlərini birbaşa yuxarı itələyər. Qiymət artımının miqyasını dəqiq proqnozlaşdırmaq çətindir, lakin 2023-2024-cü illərdə husilər tərəfindən həyata keçirilən hücumlar zamanı belə boğaz tam bağlanmadan, neft qiymətlərində ciddi dalğalanmalar müşahidə olunmuşdu”.


 


Müsahibimiz vurğulayıb ki, neft daşımacılığından əlavə, konteyner gəmiçiliyi də bu boğazdan sıx istifadə edir:


 


“Çin, Hindistan, Cənub-Şərqi Asiya ilə Avropa arasındakı ticarət yükünün böyük hissəsi Süveyş kanalı üzərindən keçir və Bab əl-Məndəb bu marşrutun açarıdır. Boğazın bağlanmsı reallaşarsa daşıma müddətlərinin uzanması, liman sıxlığının yaranması, konteyner tariflərinın sürətlə artması və ərzaq, istehlak malları, sənaye komponentlərinin çatdırılmasında gecikmələr qaçılmaz olar. COVID-19 pandemiyası dövründə yaşanan təchizat zənciri böhranı buna yaxın bir mənzərə idi. Lakin Bab əl-Məndəb böhranı coğrafi baxımdan daha cəmləşmiş və daha ani təsirli olar. Müasir qlobal iqtisadiyyat “tam zamanında” prinsipinə əsaslanır. Bu o deməkdir ki, istehsal müəssisələri ehtiyat məhsul saxlamır, hər şey vaxtında çatdırılmaya hesablanır. Belə bir sistemdə dəniz daşımacılığında həftələrlə gecikmə istehsal xətlərini dayandıra bilər. Avtomobil sənayesi, elektronika, əczaçılıq, toxuculuq, bunların hamısı bu zəncirin həlqələridir. Lakin bu nöqtədə realist olmaq lazımdır. Husilərin belə bir addımı atmaq üçün həm texniki, həm də hərbi imkanları məhduddur.


 


Boğazı tam mənada bağlamaq yalnız bəyanatla deyil, ciddi hərbi potensial tələb edir. Üstəlik, ABŞ Hərbi Dəniz Qüvvələri regionda güclü varlığını saxlayır. 2023-2024-cü illərdəki hücumlar zamanı da husilər Süveyş ticarətini tamamilə dayandıra bilmədilər. Ciddi şəkildə ləngilətsələr də məhv edə bilmədilər. Bununla belə, qismən blokada belə, tam bağlanma olmadan sığorta xərclərinin artmasına, gəmi şirkətlərinin marşrutlarını dəyişməsinə və son nəticədə istehlakçıya çatan malların bahalaşmasına səbəb olar. Gəmi sığortası xərclərinin 2023-2024-cü illərdə neçə dəfə artdığı bu baxımdan aydın göstəricidir. Yekunda demək olar ki, Bab əl-Məndəb üzərindəki hər hansı ciddi böhran qlobal ticarətin əsas sinir xəttinə toxunur. Bu, yalnız Yəmən böhranı deyil, eyni zamanda qlobal iqtisadiyyatın nə qədər dar coğrafi nöqtələrdən asılı olduğunu bir daha sübut edən bir reallıqdır”.


 


Niyaz Hacıyev


Sfera.az