Son illərdə narsistlik anlayışı gündəlik söhbətlərin ayrılmaz hissəsinə çevrilib. Narsistlik insanın özünə həddindən artıq fokuslanması, özünü başqalarından üstün görməsi və davamlı olaraq təsdiq və diqqət ehtiyacı duyması ilə xarakterizə olunan psixoloji xüsusiyyət kimi dəyərləndilir. Bu halın sağlam özünəinamdan fərqli olaraq, empati çatışmazlığı və başqalarının hisslərinə qarşı laqeydliklə müşahidə olunduğu bildirilir.
Bəs hər özünü sevən insanı narsist adlandırmaq doğrudurmu? Narsist şəxsiyyət necə formalaşır - bu daha çox genetikdir, yoxsa mühitin təsiri böyükdür? Özünə hörmətlə narsistlik arasında əsas fərqlər nələrdir?
Sfera.az-a mövcud suallarla bağlı açıqlama verən psixoloq Gövhər Məmmədova narsistliyin şəxsiyyət pozuntularının bir növü olduğunu və adətən uşaqlıq dövründən formalaşdığını söyləyib:
“İnsan doğuşdan narsist olmur. Bəli, bəzi xüsusiyyətlər bizə anadangəlmə verilir, lakin zamanla valideynlər və ətraf mühitin təsiri ilə bu xüsusiyyətlərin üzərinə yeniləri əlavə olunur və şəxsiyyət formalaşır. Əgər valideynlərdən biri narsistdirsə, uşağın da narsist olma ehtimalı yüksəkdir. Çünki uşaqlar valideyn davranışlarını müşahidə edir və onları təqlid etməyə meylli olurlar. Necə ki, uşaqlar hər davranışımıza diqqət edir və bizi kopyalamağa çalışır, narsist valideynin davranışlarını da mənimsəyərək bu xüsusiyyətləri özündə formalaşdırır”.
Psixoloqun sözlərinə əsasən, uşağa kiçik yaşlarından düzgün yanaşılmadıqda da narsist meyllər inkişaf edə bilər:
“Məsələn, uşağa heç vaxt “yox” deyilmirsə, hər istəyi dərhal yerinə yetirilirsə, hər ağlamasında və narahatlığında istədiyini əldə etməsinə şərait yaradılırsa, oyunlarda daim qalib edilir və uduzmağa imkan verilmir, yaşıdları ilə mübahisələrdə günahkar olsa belə həmişə haqlı çıxarılırsa və başqaları onun yanında alçaldılırsa, bu zaman uşaq özünü hamıdan üstün hesab etməyə başlayır. Belə bir insan gələcəkdə də başqalarının ona eyni münasibəti göstərməsini gözləyir. O, başqalarına qarşı tolerantlıq göstərə bilmir və əksinə, hamının ona itaət etməsini istəyir. Əlbəttə, insanın özünü sevməsi və özünə hörmət etməsi vacibdir, lakin bununla narsistlik arasında ciddi fərq var”.
G.Məmmədova əlavə edib ki, narsist insan yalnız diqqət və sevgi gözləmir, eyni zamanda ətrafındakı insanları özündən asılı vəziyyətə salmağa çalışır:
“Bu tip münasibətlərdə maraqlı bir məqam yaranır. Narsist insan səhv etdiyi halda belə, qarşı tərəf özünü günahkar hiss edir. Zamanla partnyor daim özünü günahlandırır, özünü dəyərsiz və əzilmiş hiss edir. Bu isə uzun müddətdə depressiyaya, emosional tükənməyə və həyatdan bezməyə səbəb ola bilər. İkili münasibətlərdə əgər partnyorumuzda narsistlik əlamətləri hiss ediriksə, bu münasibəti davam etdirmək ciddi zərər verə bilər. Çünki narsist insan adətən özünü səhv görmür və dəyişmək ehtiyacı hiss etmir. Bu səbəbdən psixoloji müdaxilələrə də çox zaman açıq olmur. Bəs partnyorumuzun narsist olduğunu necə anlaya bilərik? Adətən bu insanlar münasibətin əvvəlində həddindən artıq diqqətli, qayğıkeş və ideal davranırlar. Lakin siz onlara bağlandıqdan sonra birdən-birə soyuqlaşır, sizi emosional olaraq “aşağı atırlar”. Siz bu vəziyyətdə nə baş verdiyini anlamırsınız və özünüzü pis hiss edirsiniz. Ayrılmaq istədikdə isə yenidən əvvəlkindən daha çox diqqət və qayğı göstərirlər. Bu dövr təkrar-təkrar davam edir və nəticədə siz emosional olaraq həmin insandan asılı vəziyyətə düşürsünüz”.
Fidan Hacızadə
Sfera.az