İran ABŞ ilə aparılan danışıqlarda əsas məsələlər üzrə güzəştə getməyəcəyini açıq şəkildə bəyan edib. Rəsmi Tehranın mövqeyinə görə, ölkə nə uranın zənginləşdirilməsi proqramından imtina etmək, nə də yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ölkədən çıxarmaq niyyətindədir.
İranın belə qəti mövqeyi hardan qaynaqlanır, rəsmi Tehran kimə arxalanır?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Əli Mustafa İranın bu mövqeyinin həm formal, həm də qeyri-formal tərəflərinin olduğunu deyib.
Onun sözlərinə görə, görünən tərəf ondan ibarətdir ki, ABŞ tərəfi İranda, daha dəqiq desək Hörmüz boğazı ilə bağlı “boğazın açıldığı”nı bəyan etdikdən sonra belə blokadanı tam şəkildə aradan qaldırmadı:
“Əgər əvvəllər İran öz gəmilərinin sərbəst hərəkətinə şərait yaradır və digər ölkələrin gəmilərinə də keçid imkanı verirdisə, indi ABŞ digər ölkələrin Oman dənizi vasitəsilə Bəsrə körfəzinə girişini təmin etsə də, İran gəmilərinə qarşı məhdudiyyətləri saxladı.
ABŞ məsələni kifayət qədər sərt şəkildə qoydu: blokada yalnız müəyyən razılaşma əldə olunacağı təqdirdə qaldırıla bilər. Bu razılaşmanın şərtləri isə İran üçün ağır görünür, xüsusilə zənginləşdirilmiş uranın təhvil verilməsi və Hörmüz boğazında əvvəlki rejimin bərpası tələbləri Tehranın maraqları ilə uzlaşmır”.
Əli Mustafa bildirib ki, digər tərəfdən, vəziyyəti gərginləşdirən hadisələrdən biri də İran gəmisinin vurulması oldu:
“Çindən İrana yük aparan bu gəminin hədəfə alınması, faktiki olaraq, İran üçün danışıqlardan imtina etmək üçün əlavə əsas və ya bəhanə yaratdı. Bununla belə, İran tərəfi əvvəldən ABŞ-ni maksimalist mövqe tutmaqda ittiham edirdi və baş verənlər bu fikri daha da gücləndirdi. Görünməyən tərəf isə daha geniş geosiyasi kontekstə bağlıdır. İran bu qarşıdurmada tək deyil, onun arxasında müəyyən mənada Rusiya və Çin kimi böyük güclər dayanır. Hətta bəzi Avropa dairələrinin də ABŞ-nin sürətli qələbə əldə etməsini istəmirlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu qarşıdurmanın uzanması həm Çin, həm də Rusiya üçün müəyyən strateji üstünlüklər yaradır. Məsələn, münaqişə nə qədər uzanarsa, Rusiya-Ukrayna cəbhəsi baxımından Rusiyanın mövqeyi nisbətən güclənə bilər. Çünki ABŞ hərbi resurslarının bir hissəsini İran istiqamətinə yönəldir. Əgər gərginlik azalarsa, həmin resurslar yenidən Ukraynaya yönəldilə bilər ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Ümumilikdə, İran müəyyən məqamlarda özünü haqlı tərəf kimi təqdim edir, xüsusilə “biz ABŞ gəmilərinə hücum etmirik, amma onlar bizim gəmiləri vurur” arqumenti ilə. Lakin proses yalnız ikitərəfli qarşıdurma deyil, daha böyük güclərin maraqlarının toqquşduğu bir müstəviyə keçib. Bu baxımdan, yaxın perspektivdə gərginliyin azalmasından çox artması ehtimalı daha yüksək görünür. Bununla belə, hələ də diplomatik pəncərə tam bağlanmayıb. Əgər vasitəçilər ,o cümlədən Pakistan və digər ölkələr tərəfləri danışıqlar masasına qaytara bilsələr, mümkün hərbi eskalasiyanın qarşısını almaq olar. Əks halda, qarşıdurmanın daha genişmiqyaslı münaqişəyə çevrilməsi riski qalır. Donald Tramp tərəfindən səsləndirilən sərt bəyanatlar və hədələr hazırkı mərhələdə gərginliyi azaltmaqdan çox, əksinə, hadisələrin daha da kəskinləşməsinə təsir göstərmiş kimi görünür”.
Fidan Hacızadə
Sfera.az