Körfəz bölgəsində gərginliyin artması və Hörmüz boğazı ətrafındakı dəniz nəqliyyatının məhdudlaşdırılması İranın xarici ticarət marşrutlarında ciddi dəyişikliklərə səbəb olur. ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası və Hörmüz boğazındakı fasilələr İranın ənənəvi su yolları ilə ixrac və idxal imkanlarını kəskin şəkildə daraldıb. 




Bəs Körfəzdən blokada prosesi uzun müddət davam edərsə, İranın xarici ticarət əlaqələrinin təmin edilməsində Azərbaycan və Türkiyədən asılılığı arta bilərmi?




Bu haqda iqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə əsasən, Körfəz regionunda uzunmüddətli blokada, hərbi-siyasi gərginliyin artması və ya Hörmüz boğazı ətrafında təhlükəsizlik risklərinin davam etməsi İranın xarici ticarət sisteminə kompleks və çoxşaxəli təsir göstərəcək:




“İranın xarici ticarətinin mühüm hissəsi ənənəvi olaraq dəniz daşımalarına, xüsusilə Körfəz və Hörmüz boğazı üzərindən həyata keçirilən neft və qeyri-neft ixracına əsaslandığı üçün bu marşrutlarda yaranacaq hər hansı uzunmüddətli məhdudiyyət ölkənin logistika modelini ciddi şəkildə dəyişdirəcək. Belə bir şəraitdə İran üçün alternativ ticarət kanallarının əhəmiyyəti artaraq, quru nəqliyyat dəhlizləri və regional tranzit infrastrukturu ön plana çıxaracaq. Bu kontekstdə Türkiyə və Azərbaycan kimi ölkələrin rolu xüsusilə diqqətəlayiqdir. Türkiyə artıq regionda Avropa ilə Asiya arasında əsas logistika körpüsü funksiyasını daşıyır. Dəmir yolu, avtomobil və multimodal daşımalar vasitəsilə Türkiyə İran üçün Avropa bazarlarına çıxış baxımından mühüm tranzit alternativinə çevrilə bilər. Körfəz marşrutlarının məhdudlaşması halında İranın ixrac və idxal yüklərinin bir hissəsinin Türkiyə üzərindən yönləndirilməsi ehtimalı yüksələ bilər ki, bu da Ankara-Tehran logistika əlaqələrinin strateji əhəmiyyətini artıracaq”.


 




Ekspertin fikrincə, Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran üçün mühüm tranzit qovşağı rolunu oynayır və xüsusilə İranın Rusiya, Qafqaz və Avrasiya İqtisadi İttifaqı bazarlarına çıxışı baxımından Azərbaycan ərazisi əhəmiyyətli logistika keçid nöqtəsi kimi çıxış edir:




“İranın ən böyük alıcılarından olan Rusiya bazarına çıxış məhz Azərbaycan üzərindən tranzit olunur. Bundan əlavə, Xəzər dənizi üzərindən Orta Asiya istiqamətində daşımalar da alternativ marşrutların diversifikasiyasına töhfə verə bilər. Bu alternativlərin real təsir gücü bir sıra struktur məhdudiyyətlərlə şərtlənir. İlk növbədə, beynəlxalq sanksiyalar və maliyyə əməliyyatlarına çıxış məhdudiyyətləri ticarət axınlarının genişlənməsini çətinləşdirən əsas amillərdəndir. Eyni zamanda, quru nəqliyyat marşrutları dəniz daşımaları ilə müqayisədə daha yüksək logistika xərclərinə və daha aşağı ötürmə tutumuna malikdir. Bu səbəbdən Körfəz marşrutlarının tam əvəzlənməsi iqtisadi baxımdan real və qısa müddətli ssenari kimi qiymətləndirmirəm. Körfəz regionunda uzunmüddətli blokada və ya yüksək riskli təhlükəsizlik vəziyyəti formalaşarsa, İranın xarici ticarətində Türkiyə və Azərbaycanın tranzit əhəmiyyəti artan tendensiya göstərə bilər. Lakin bu artım tam asılılıq səviyyəsində deyil, daha çox alternativ və tamamlayıcı tranzit istiqamətləri çərçivəsində qiymətləndirilməlidir. İranın ticarət strukturunun əsas dayaqları isə hələ də qlobal dəniz ticarət şəbəkələri və xüsusilə Asiya bazarları ilə əlaqəli marşrutlar olaraq qalır”. 




Bəsti Rəfizadə

Sfera.az