Avropa İttifaqının Ukrayna ilə bağlı mövqeyində mümkün yumşalma siqnalları getdikcə daha açıq şəkildə səslənir.
Son olaraq Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas Kiprdə keçirilən sammitdə çıxışı zamanı bir vaxtlar “qırmızı xətt” sayılan məqamların yenidən nəzərdən keçirilə biləcəyini bildirməsi bu baxımdan diqqət çəkir.
Onun açıqlaması yalnız texniki dəyişikliklərə işarə etmir, həm də Brüsselin Ukraynaya münasibətdə daha çevik və praqmatik yanaşmaya keçə biləcəyini göstərir. Bu isə “qırmızı xətlər”in əslində nəyi əhatə etdiyi və bu mesajın niyə məhz indi verildiyi suallarını aktuallaşdırır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, Kaya Kallasın “qırmızı xətlər”lə bağlı dedikləri, əslində, Avropa İttifaqının Ukraynaya münasibətində yeni mövqe sərgiləyə biləcəyinə işarədir.
Onun sözlərinə görə, burada söhbət formal olaraq müəyyən edilmiş bir və ya iki konkret bənddən yox, daha geniş mənada üzvlük prosesində indiyə qədər toxunulmaz sayılan prinsip və şərtlərdən gedir. İndiyə qədər ən vacib olan qırmızı xətlər əsasən üç istiqamətdə cəmlənirdi. Bunlar hüquqi-institusional uyğunluq, xüsusilə də korrupsiya ilə mübarizə və məhkəmə islahatları ilə bağlı, davam edən müharibə şəraitində üzvlüyün mümkünsüzlüyü və Avropa İttifaqı daxilində konsensus məsələsi idi:
“Birinci mühüm məqam Ukraynanın daxili islahatları ilə bağlıdır. Aİ illərdir genişlənmə siyasətində hüququn aliliyi, şəffaflıq və korrupsiyaya qarşı mübarizəni əsas şərt kimi irəli sürür. Ukrayna bu istiqamətdə müəyyən addımlar atsa da, müharibə şəraiti bu prosesləri həm sürətləndirir, həm də məhdudlaşdırır. Əvvəllər bu sahədə ciddi irəliləyiş olmadan danışıqların müəyyən mərhələlərinə keçid mümkünsüz sayılırdı. Kallasın açıqlaması isə onu göstərir ki, Brüssel artıq bu meyarları daha çevik şərh etməyə hazırdır, yəni tam uyğunluq olmasa da, kifayət qədər irəliləyiş prinsipi əsas götürülə bilər.
İkinci “qırmızı xətt” Ukraynanın ərazi bütövlüyü və aktiv müharibə vəziyyəti ilə bağlı idi. Aİ tarixən münaqişə içində olan ölkələrin üzvlüyünə çox ehtiyatla yanaşıb, çünki bu, ittifaqı birbaşa təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər. Ukraynanın üzvlüyü isə faktiki olaraq Aİ-ni Rusiya ilə daha açıq geosiyasi qarşıdurmaya sürükləyə bilər. Kallasın dedikləri göstərir ki, bu məsələ artıq əvvəlki kimi qəti tabu deyil və müəyyən siyasi mexanizmlərlə, məsələn, mərhələli inteqrasiya və ya təhlükəsizlik zəmanətlərinin fərqli formaları ilə də idarə oluna bilər. Digər vacib məsələ isə Aİ daxilində qərar qəbuletmə mexanizmi, xüsusilə də bəzi üzv dövlətlərin etirazlarıdır. Macarıstan kimi ölkələr Ukraynanın sürətli inteqrasiyasına skeptik yanaşırdı və bu mövqe İttifaq daxilində uzun müddət ərzində bloklayıcı qırmızı xətt kimi çıxış edirdi. Artıq Macarıstanda hakimiyyət dəyişib və o istiqamətdə qərarların bloklanması gözlənilmir. Amma Slovakiya var və gələcəkdə hansısa başqa ölkələr də Ukraynanın üzvlüyünə isti baxmaya bilər. Odur ki, Kallasın çıxışı dolayısı ilə onu da göstərir ki, Brüssel bu tip siyasi maneələri aşmaq üçün ya konsensus formullarını yenidən düşünür, ya da ayrı-ayrı üzvlərə təzyiq və ya stimullaşdırma mexanizmlərini gücləndirir”.
Politoloq qeyd edib ki, bu açıqlamanın məhz indiki məqamda verilməsi də təsadüfi deyil:
“Birincisi, Ukraynada müharibə uzandıqca Qərbin siyasi və ictimai dəstəyinin davamlı saxlanması vacibdir. Üzvlük perspektivinin real görünməsi Kiyev üçün həm motivasiya, həm də legitimlik mənbəyidir. İkincisi, bu, Rusiyaya verilən geosiyasi mesajdır. Kallas göstərmək istəyir ki, Aİ geri çəkilmir və Ukraynanı strateji orbitinə daha sıx bağlamaqda qərarlıdır. Ən nəhayət Aİ daxilində də genişlənmə siyasətinin yenidən aktuallaşdırılması üçün belə mesajlara ehtiyac var, çünki Balkan ölkələri də illərdir oxşar vədlər gözləyir və Ukraynaya xüsusi yanaşma balans məsələsini gündəmə gətirir. Amma bütün bunlara baxmayaraq, yəni, Kallasın dediyi kimi Ukraynanın birliyə üzvlüyü yolunda əvvəl mövcud olan bəzi məhdudiyyətlər yenidən nəzərdən keçirilsə belə bu qısa zaman kəsiyində Ukraynanın Ai-yə üzv ola biləcəyi anlamına gəlmir. Xüsusilə də Ukraynadakı kritik isqtisadi durum, ölkənin borcları nəzərə alındıqda indiki məqamda Ukraynanın üzvlüyü Aİ üçün əlavə iqtisadi və sosial yük kimi görünür. Buna isə hətta Ai-nin aparıcı üzvləri belə hazır deyillər”.
R.Bayramovun fikrincə, Kallasın bəyanatı konkret hüquqi dəyişiklikdən çox siyasi niyyət kimi qəbul olunmalıdır. Bu, həm Ukraynaya dəstəyin davam etdiyini göstərir, həm də Aİ-nin öz prinsiplərini tam tərk etmədən, lakin daha praqmatik şəkildə tətbiq etməyə hazır olduğunu ortaya qoyur.
Firuzə Əliyeva
Sfera.az