İranın strateji tələbləri günü-gündən daha sərt xarakter alır. İrəli sürülən yeni dörd şərtə görə, İrana sanksiya tətbiq edən ölkələrin gəmiləri artıq boğazdan keçə bilməyəcək. Eyni zamanda, ərazilərində ABŞ hərbi bazalarına yer ayıran Körfəz ölkələrindən hər keçidə görə xüsusi rüsum və əlavə kompensasiya ödəmək tələb olunur.




Bəs İran rejimi bu cür kəskin şərtlərlə hansı məqsədləri güdür? 




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, Tehranın son günlərdə nümayiş etdirdiyi sərt ritorika və Hörmüz boğazı üzərindən ticarət gəmilərinə tətbiq etdiyi məhdudiyyətlər bir neçə strateji hədəfə xidmət edir:




“İran "boğaz kartı"ndan maksimum dərəcədə yararlanmaq yolunu tutub. Dünya neftinin 20%-nin bu yolla daşındığını nəzərə alsaq, Tehran bu addımı ilə ABŞ-nin Yaxın Şərq siyasətinə qarşı beynəlxalq müstəvidə, xüsusilə Vaşinqtonun müttəfiqləri arasında ciddi etimadsızlıq mühiti yaradır. Boğazı nəzarətli şəkildə açıq saxlamaqla İran öz tərəfdaşlarına keçid imkanı verir, rəqiblərinə qarşı isə təsir mexanizmi kimi istifadə edir. Bu strategiya İrana həm siyasi nüfuz qazandırır, həm də böyük maliyyə gəliri gətirir. Məlumata görə, İran hər tanker üçün milyonlarla dollar keçid haqqı alır. Ödənişlərin yuan və kriptovalyuta ilə tələb edilməsi isə xüsusi müzakirə mövzusudur. Digər tərəfdən, rəsmi Tehran sanksiyaların vurduğu iqtisadi zərbəni kompensasiya etməyə çalışır. ABŞ-nin İran limanlarına qarşı dəniz blokadasına cavab olaraq, 'əgər siz bizi blokadaya alırsınızsa, biz də sizin ticarətinizi bahalaşdırarıq' məntiqi ilə hərəkət edir. Bu, tərəflərin bir-birinə qarşı tətbiq etdiyi klassik qarşılıqlı iqtisadi müharibə modelidir”.


 





Ekspert həmçinin vurğulayıb ki, İran bu yolla Körfəz ölkələrinə də kəskin mesaj ünvanlayır:




“ABŞ bazalarına ev sahibliyi edən bu ölkələr İrana görə müharibənin logistik dayaqları hesab olunur. Tehranın kompensasiya tələbi həmin ölkələrin ABŞ-yə platforma verməsinin "qiymətidir". İranın əsas qayəsi müharibəni genişləndirmək deyil, onun iqtisadi və geosiyasi bədəlini artırmaqdır”.

Çingiz Şahbazinin fikrincə, bu strategiyanın uzunmüddətli perspektivdə uğur qazanması çətindir, çünki Çin və Hindistan kimi tərəfdaşlar da bu prosesdən ciddi ziyan görürlər: "Bu səbəbdən Tehranın müəyyən mərhələdə geri addım atması qaçılmaz ola bilər. Lakin hazırda mövcud durum müəyyən dərəcədə ABŞ-nin də maraqlarına uyğundur. ABŞ bu vəziyyətdən NATO ölkələrinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edir və enerji bazarında təsir imkanlarını genişləndirərək gəlir əldə edir. Bu baxımdan, Hörmüzdəki gərginliyin yaxın vaxtlarda yekunlaşacağı ehtimalı olduqca aşağıdır”.


 


Fidan Hacızadə

Sfera.az