Qırmızı dənizdə strateji əhəmiyyətə malik olan Bab əl-Məndəb boğazı ətrafında yeni gərginlik və iqtisadi risklər gündəmə gəlib. Britaniyanın nüfuzlu dəniz nəqliyyatı nəşri xəbərdarlıq edir ki, bölgədə artan hərbi təsir gələcəkdə kommersiya alətlərinə çevrilə bilər.
Bəs görəsən, Bab əl-Məndəb ətrafında gərginliyin artması qlobal ticarət marşrutlarına necə təsir göstərə bilər? Bu boğazın təhlükəsizliyi pozularsa, yükdaşıma xərclərində hansı dəyişikliklər gözlənilir? Bölgədə hərbi risklərin “kommersiya alətinə” çevrilməsi nə deməkdir və bu, bazarlara necə təsir edə bilər?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Bab əl-Məndəb boğazı dünya ticarətinin şah damarıdır.
Onun sözlərinə görə, Süveyş kanalından keçən gəmilərin hamısı burdan keçir:
“Qlobal dəniz ticarətinin təxminən 12 faizi, konteyner daşımalarının 30 faizi, Avropaya gedən neftin və qazın böyük hissəsi bu 20 kilometrlik dar boğazdan asılıdır. Gərginlik artsa, qlobal marşrutlara təsir birbaşa və sərt olur. 2023-2024-cü ildə husilərin gəmilərə hücumunda bunu gördük. Böyük gəmi şirkətləri "Maersk", MSC, "Hapag-Lloyd" riskə girməmək üçün marşrutu dəyişdi. Gəmilər Qırmızı dənizdən keçmək əvəzinə bütün Afrikanı dövrə vurub Ümid burnundan getməyə başladı. Bu, bir marşrut məsafəsini 6 min kilometr, vaxtını 10-14 gün artırdı. Boğazın təhlükəsizliyi pozulsa, yükdaşıma xərclərində üç istiqamətdə artım olur. Birincisi, yanacaq xərci. Gəmi 2 həftə əlavə yol gedir, gündə 50-80 ton yanacaq yandırır. İkincisi, sığorta. “Müharibə riski” zonası elan edilən kimi gəmilərin sığorta haqqı 10 dəfəyə qədər qalxır. Bir konteyner üçün sığorta 50 dollardan 500 dollara çıxa bilir. Üçüncüsü, gəmi çatışmazlığı. Reys uzananda dövriyyədəki gəmi sayı faktiki azalır. Tələb eyni qalır, təklif düşür, fraxt (yük daşıma haqqı) qiymətləri uçur. 2023-cü ilin dekabrında Şanxay-Rotterdam konteynerinin qiyməti 1500 dollardan 5500 dollara qalxmışdı”.
Müsahibimiz qeyd edib ki, “Hərbi risklərin kommersiya alətinə çevrilməsi” isə odur ki, dövlət və ya silahlı qruplaşma boğazı bağlamaq, gəmi vurmaq təhdidini bazarlıq üçün istifadə edir. Açıq demir ki, “pul ver”, amma mesaj verir:
“Bizim şərtlərimizlə razılaşmasan, gəmilərin keçməyəcək”. Yəməndəki husilər bunu etdi. Dedilər İsrailə gedən gəmiləri vuracağıq, amma sonda Çindən Avropaya gedən neytral gəmilər də riskə düşdü. Nəticədə bütün dünya əlavə xərc ödədi. Bu da dolayı vergi kimidir. Bazara təsiri zəncirvari olur. Daşıma bahalaşırsa, Avropada paltar, elektronikadan tutmuş taxıla qədər hər şeyin qiyməti qalxır. Neft tankerləri ləngisə, Brent nefti bir gündə 3-4 dollar bahalaşır. Qaz geciksə, qışda Avropanın anbarları boşalır. Fabriklər hissə gözləyir, istehsal dayanır. İnflyasiya qlobal şəkildə qızışır. Sığorta şirkətləri itir, investor çıxır, regiona kapital gəlmir. Ən pisi odur ki, bir dəfə “boğazı bağlayarıq” kartı işləyəndə başqaları da öyrənir. Sabah Hörmüz boğazında, Malakka boğazında eyni oyun başlaya bilər. Dünya ticarəti etibar üstündə qurulub. Gəmi sahibi əmin olmalıdır ki, sabah boğazdan keçəcək. Əminlik itəndə hamı planı dəyişir, ehtiyat yaradır, xərc artır. Qısası, Bab əl-Məndəb bağlansa, dünya bir gecədə 1990-cı illərin logistikasına qayıdır. Hər şey geci gəlir, baha gəlir. “Kommersiya aləti” isə odur ki, güllə atılmasa da, “atarıq” təhdidi ilə bütün dünyadan pul qoparmaq olur”.
Niyaz Hacıyev
Sfera.az