Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən çıxmaq niyyətini bəyan etməsi qlobal enerji bazarında diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir. Məlumata əsasən, mayın 1-dən etibarən Əmirliklər hasilat siyasətini müstəqil şəkildə müəyyənləşdirməyi planlaşdırır. Bu qərarın arxasında duran əsas səbəblərdən biri kimi Hörmüz boğazı ətrafında yaranan gərginlik və mümkün blokada riskləri göstərilir.
Bəs bu addım digər OPEC üzvləri üçün presedent yarada bilərmi və qlobal neft bazarına necə təsir edəcək?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, BƏƏ-nin OPEC-dən çıxması bazar üçün nəzərəçarpan hadisə olsa da, kritik nəticələr doğurmayacaq:
“BƏƏ artıq bu gün kifayət qədər ehtiyat hasilat gücünə malikdir və nəzəri baxımdan kvota sistemindən kənarda daha sürətli artım imkanları var. Lakin real ixracın genişləndirilməsi həm yataqların texniki xüsusiyyətləri, həm də resursların uzunmüddətli idarəetmə strategiyası ilə məhdudlaşır”.
Ekspert vurğulayıb ki, əsas məsələ hasilatı artırmaq imkanından çox, bunun iqtisadi baxımdan nə dərəcədə məqsədəuyğun olmasıdır:
“BƏƏ ənənəvi olaraq qiymət müharibəsinə deyil, gəlirlərin optimallaşdırılmasına yönəlmiş balanslı siyasət aparır. Təklifin kəskin artırılması qısa müddətdə "Brent" markalı neft qiymətlərinə təzyiq göstərə bilər. Amma digər iri istehsalçıların dəstəyi olmadan bu təsir uzunmüddətli olmayacaq”.
İlham Şaban qeyd edib ki, hazırda qlobal neft bazarında əsas koordinasiya mexanizmi OPEC+ çərçivəsində həyata keçirilir və burada əsas söz sahibi Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələrdir:
“BƏƏ formal olaraq OPEC üzvü olmasa belə, bazarın sabitliyini qorumaq üçün bu əsas oyunçularla siyasətini uyğunlaşdırmağa çalışacaq”.
Qiymətlərə təsirə gəldikdə isə ekspert hesab edir ki, qısamüddətli dalğalanmalar mümkündür:
“Qısa müddətdə müəyyən ucuzlaşma baş verə bilər. Amma bu proses qlobal tələbat, geosiyasi risklər və enerji sektoruna yönələn investisiyalarla məhdudlaşacaq. Nəzərə almaq lazımdır ki, BƏƏ-nin əlavə hasilat imkanları gündəlik 100 milyon barreli aşan qlobal tələbat fonunda həlledici rol oynamır”.
İlham Şabanın qənaətincə, BƏƏ-nin bu addımı daha çox strateji xarakter daşıyır:
“OPEC-dən çıxış daha çox BƏƏ-nin enerji siyasətində çevikliyini artırmaq və bazarda danışıqlar mövqelərini gücləndirmək məqsədi daşıyır. Uzunmüddətli perspektivdə isə Əmirliklər bazar payını artırmaqla, eyni zamanda əlverişli qiymət səviyyəsini qorumaq arasında balans axtaracaq”.
Firuzə Əliyeva
Sfera.az