Son dövrlərdə Hörmüz boğazı ətrafında yaranan gərginlik və ticarət gəmiçiliyinə dair bəyanatlar beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu strateji bölgəyə yönəldib. İran Müdafiə Nazirliyinin sözçüsü general Rza Talaeinikin açıqlaması da müzakirələrə səbəb olub. O bildirib ki, münaqişə başa çatdıqdan sonra ticarət donanmasının maneəsiz hərəkəti yalnız İranın təhlükəsizliyinə heç bir təhdid olmadığı halda təmin ediləcək.




Maraqlıdır, Hörmüz boğazı üzərindən ticarətə belə bir şərtin qoyulması beynəlxalq hüquq baxımından nə dərəcədə əsaslıdır? Belə bir mövqe qlobal enerji bazarına, xüsusilə neft qiymətlərinə və ümumi tədarük zəncirinə necə təsir göstərə bilər?




İqtisadçı ekspert Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, neft, neft məhsulu adi məhsul olmaqla yanaşı həm də psixoloji məhsuldur.


 



 


Onun sözlərinə görə, dünyada baş verən hər hansısa bir müharibə, siyasi bəyanat da qiymətlərin spikyulativ amillərin təsiri ilə artmasına, azalmasına gətirib çıxarır:




“İran Müdafiə Nazirliyinin sözçüsünün bu istiqamətdə verdiyi bəyanata gəldikdə, qlobal enerji bazarlarında, birjalarda bu proses diqqətlə izlənilir. Təbii ki, bu belə də olmalıdır. İqtisadi baxımdan Hörmüz boğazı dünya neft ticarətinin əsas tranzit nöqtələrindən biridir. Burda yaranan hər hansısa bir qeyri-müəyyənlik dərhal bazar qiymətlərinə təsir edir. Yəni, belə vəziyyətlərdə neft bazarı əsasən real təchizat dəyişkənlikləri ilə deyil, gözlənti qiymətləri ilə artır. Yəni burda əlavə risk premiumları formalaşdırır. Neftdaşınma xərclərinin əmələ gəlməsində tranzit haqları və sığorta xərcləri var. Bu sığorta xərcləri daşınma marşrutuna görə müəyyənləşir. Əgər hər hansısa bir tranzit yollarında problem və qeyri-müəyyənliklər olarsa, belə olduğu təqdirdə, dərhal alternativlər seçilir. Bu alternativlər də özündən əlavə olaraq artan maya dəyəri gətirir. Onu üzərinə isə risk premiumları qoyulur. Belə vəziyyətlərdə müharibə riski modunda qiymətlər hesablanmağa başlanılır. Qısamüddətli perspektivdə bu tip açıqlamalar neft qiymətlərində artım təyziqi yaradır. Tanker, sığorta haqları, daşınma xərclərində də artım müşahidə oluna bilər. Bu da son istehlak qiymətlərinə təsir edə bilir”.




Ekspert qeyd edib ki, orta və uzunmüddətli perspektivdə də belə risklər ölkələri alternativ enerji marşrutlarının inkişafına, strateji ehtiyatların artırılmasına və enerji mənbələrinin diversfikasiyasına yönləndirir:




“Əlavə çıxış yolları axtarmağa çalışırlar. Amma Hörmüz boğazı elə bir nöqtədir ki, özü kimi effektiv, səmərəli və rahat alternativi yoxdur. Alternativləri ya boru kəmərləri, ya da daha uzun marşurutlardır. Belə olduğu halda, maya dəyəri artır. Hörmüz boğazı kimi strateji keçidlər üzrə qeyri-müəyyən siyasi bəyanatlar qlobal enerji bazarlarında sabitliyi zəiflədə bilir. Qiymətlərin gözlənti əsasında artım riskini gücləndirir”.


 


Niyaz Hacıyev 

Sfera.az