Ötən gün Hörmüz boğazı ətrafında gərginlik yenidən pik həddə çatıb. Məlumata görə, İran Cənubi Koreyaya məxsus gəmiyə zərbə endirib, ABŞ isə cavab olaraq İranın 6 hərbi katerini məhv edib.
Mövcud vəziyyət regionda yeni toqquşmanın başlanğıc siqnalı sayıla bilərmi? Bu hadisələr genişmiqyaslı müharibə ehtimalını artırırmı?
Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, regionda hərbi fazanın yenidən aktivləşməsi üçün vəziyyət kifayət qədər həssasdır:
“Bir tərəfdən ABŞ donanmasının İran limanlarını blokadaya alaraq neft ixracının böyük hissəsinin qarşısını kəsməsi, digər tərəfdən isə İranın nəzarət etdiyi Hörmüz boğazında ticarət gəmilərinin və neft tankerlərinin yığılıb qalması vəziyyəti qəlizləşdirir. Vaşinqtonun "azad naviqasiya" təşəbbüsü ilə çıxış etməsi gərginliyi daha da artıra və potensial toqquşma riskini yüksəldə bilər. Hazırkı mərhələdə tərəflərin yaydığı məlumatların doğruluğu sual altındadır. ABŞ rəhbərliyi iki hərbi gəmisinin keçidi zamanı İranın altı sürətli qayığının batırıldığını bildirsə də, rəsmi Tehran bəzi iddiaları təkzib edir. Bununla belə, hərbi gəmilərin boğazdan keçidi və bu istiqamətdə qısamüddətli insidentlərin yaşanması ehtimalı real görünür”.
Siyasi şərhçi qeyd edib ki, gərginliyi artıran digər amil İranın Birləşmiş Ərəb Əmirliklərinə qarşı qanadlı raketlər və kamikadze dronlarla hücum etməsi ilə bağlı iddialardır:
“Bu kimi hadisələr hərbi fazanın yenidən aktivləşməsi ehtimalını gücləndirir. Eyni zamanda ABŞ və körfəz ölkələri məsələni BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarmağa çalışır. Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması və İranın keçən gəmilərdən qeyri-qanuni ödənişlər tələb etməsi kimi iddialarla bağlı qətnamə layihəsinin irəli sürüldüyü bildirilir. Görünən odur ki, Vaşinqton bir tərəfdən "azad naviqasiya" şüarı ilə boğazın açılmasına çalışır, digər tərəfdən isə BMT platformasında hüquqi əsas yaradaraq hərbi əməliyyatlara beynəlxalq legitimlik qazandırmağa cəhd edir. Ticarət yollarının bağlanması və qlobal enerji daşımalarına maneə yaradılması arqumentləri ABŞ-nin mövqeyini beynəlxalq ictimai rəy qarşısında gücləndirə bilər”.
N.Miri vurğulayıb ki, Donald Tramp administrasiyası həm daxili, həm də beynəlxalq legitimlik axtarışındadır:
“Ümumilikdə, gərginlik bu səviyyədə davam edərsə, atəşkəsin pozulması və yeni hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir. Atəşkəs dövründən tərəflər əsasən hərbi resursların bərpası üçün istifadə ediblər. Bu baxımdan ABŞ-nin müəyyən hazırlıqdan sonra daha intensiv hərbi əməliyyatlara başlaması istisna edilmir”.
Fidan Hacızadə
Sfera.az