İxrac imkanlarının məhdudlaşması İranın neft sektoru üçün yalnız maliyyə itkisi deyil, həm də ciddi texniki və əməliyyat çətinlikləri yaradır. İnvestisiya və texnologiya axınının zəifləməsi mövcud yataqların səmərəli işlənməsinə təsir edərək hasilatın sabitliyini risk altına salır. Uzunmüddətli perspektivdə bu proseslər yataqların təbii məhsuldarlıq səviyyəsinin daha sürətli enməsi ehtimalını artırır. 




Sfera.az-a bu barədə açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ixrac məhdudiyyətləri İran üçün yalnız pul itkisi deyil, birbaşa texniki problemlər yaradır:




“İranın neft yataqlarının çoxu köhnədir. Əhvaz, Gəçsaran, Mərun, Ağacari kimi nəhəng yataqlar 50-70 ildir ki, istismar olunur. Belə yataqlarda təbii təzyiq düşdüyü üçün hasilatı saxlamaq üçün daim yeni texnologiyalar (suvurma, qazvurma və s.) lazımdır. Bu texnologiyaların böyük hissəsi isə ABŞ və Avropa şirkətlərindədir. Sanksiyalar səbəbindən "Schlumberger", "Halliburton", "Baker Hughes", "Total", "Shell" kimi nəhənglər İranı tərk edib, özləri ilə birlikdə avadanlıq və mühəndis biliyini də aparıblar. Çin və Rusiya bəzi avadanlıqlar versə də, onların texnologiyası Qərb səviyyəsində deyil. Hazırda İranda "ağıllı tamamlama" sistemləri və ya süni intellektlə yataq idarəetməsi demək olar ki, yoxdur. Nəticədə yataqlar "kor-koranə" işlədilir”.


 



 


İqtisadçı investisiya çatışmazlığının təhlükələrini də vurğulayıb:


 


“Bir quyunun qazılması 10-30 milyon dollar vəsait tələb edir. İran indi pulu əsasən büdcə kəsirini bağlamağa xərcləyir, yataqlara yatırmağa vəsait qalmır. Yeni quyular qazılmayanda və köhnələr təmir olunmayanda layın təzyiqi kəskin düşür. Təzyiq düşəndə isə neftin bir hissəsi layda həmişəlik qalır ki, buna neftçilər "yatağı öldürmək" deyirlər. Həmçinin sanksiyalar səbəbindən avadanlıqların ehtiyat hissələri aylarla gəlir, bu müddətdə dayanan quyular isə borularda qum və duz çökdüyü üçün bir daha işə düşməyə bilər”.




Akif Nəsirlinin sözlərinə görə, bütün bu amillər yatağın məhsuldarlığını normaldan  2-3 dəfə daha sürətli azaldır:


 


“Normal şəraitdə yataqda ildə 5-6 faiz eniş olursa, investisiya çatışmayanda bu rəqəm 10-15 faizə çıxır. İranın son 10 ildə hasilatının 3,8 milyon bareldən 2,4 milyona düşməsinin əsas səbəbi məhz budur. Sanksiyalar olmasaydı, İran gündə 5 milyon bareldən çox neft çıxara bilərdi. İxrac məhdudiyyətləri zəncirvari reaksiya yaradır: neft satılmır, pul gəlmir, sərmayə olmur və nəticədə texnologiya gəlmir. Bu dövrə qırılmasa, 10-15 il sonra İranın mövcud yataqları iqtisadi cəhətdən yararsız hala düşəcək. Problem yalnız bugünkü büdcə deyil, gələcək nəsillərin neft gəlirindən məhrum olmasıdır”.


 


Fidan Hacızadə

Sfera.az