Süni intellekt alətlərinin gündəlik həyatda sürətlə yayılması ilə yanaşı, onların insan beyninə təsiri ilə bağlı müzakirələr də artır.
Xüsusilə “ChatGPT”, “Copilot” və digər generativ AI sistemlərinin düşünmə qabiliyyətini zəiflədə biləcəyi iddiaları son aylarda dünya mediasında geniş rezonans doğurub.
Sfera.az xəbər verir ki, ABŞ-nin “Massachusetts Institute of Technology” (MİT) Media Laboratoriyasının apardığı araşdırma bu mövzuda diqqətçəkən nəticələr ortaya qoyub. “Your Brain on ChatGPT” (“Beyniniz ChatGPT istifadə edərkən”) adlı tədqiqatda 54 nəfər iştirak edib.
İştirakçılar üç qrupa bölünüb: bir qrup esse yazarkən yalnız öz düşüncəsindən istifadə edib, digər qrup axtarış sistemlərindən yararlanıb, üçüncü qrup isə süni intellektdən istifadə edib. Araşdırma zamanı iştirakçıların beyin fəaliyyəti EEG cihazı vasitəsilə ölçülüb. Nəticələr göstərib ki, süni intellektdən istifadə edən şəxslərdə beyin bölgələri arasındakı əlaqə daha zəif olub.
Tədqiqat müəllifləri bildiriblər ki, AI istifadəçilərində yaddaş, diqqət və yaradıcı düşünmə ilə bağlı aktivlik digər qruplarla müqayisədə daha aşağı səviyyədə qeydə alınıb. Araşdırmada maraqlı məqamlardan biri də iştirakçıların öz yazdıqları mətnləri sonradan xatırlamaqda çətinlik çəkməsi olub. Süni intellektdən istifadə edənlərin bir hissəsi yazdıqları essedən cümlələri belə düzgün xatırlaya bilməyib.
Tədqiqat müəllifləri bu vəziyyəti “koqnitiv borc” adlandırırlar. Yəni insan düşünmə prosesini texnologiyaya həvalə etdikcə, beyin daha az işləyir və zamanla analitik düşünmə vərdişləri zəifləyə bilər. Bununla belə, alimlər süni intellektin tamamilə zərərli olduğunu demirlər. Araşdırmada qeyd olunur ki, Sİ düzgün və balanslı istifadə edildikdə öyrənmə prosesinə dəstək verə bilər.
Xüsusilə əvvəlcə insanın özü düşünüb, daha sonra Sİ-dən kömək alması daha effektiv nəticə verir. Mövzu ilə bağlı digər araşdırmalar da oxşar nəticələr göstərir. “ScienceDirect” platformasında yayımlanan bir elmi məqalədə “ChatGPT asılılığının” insanları “kognitiv tənbəlliyə” sürüklədiyi qeyd olunub. Məqalədə bildirilir ki, insanlar mürəkkəb düşünmə tələb edən tapşırıqları özləri həll etmək əvəzinə, getdikcə AI-yə daha çox etibar etməyə başlayırlar. Bununla yanaşı, bəzi mütəxəssislər MİT araşdırmasının nəticələrinin şişirdildiyini düşünür.
Tənqidçilər bildirirlər ki, araşdırmada iştirakçı sayı az olub və təcrübə qısa müddət davam edib. Onların fikrincə, bu nəticələr süni intellektin uzunmüddətli təsiri barədə qəti hökm verməyə kifayət etmir. Ekspertlər hesab edir ki, əsas məsələ Sİ-dən necə istifadə olunmasıdır. Əgər insan bütün düşünmə prosesini süni intellektə həvalə edirsə, bu, zamanla beynin “tənbəlləşməsinə” səbəb ola bilər. Lakin AI köməkçi vasitə kimi istifadə edilərsə, məhsuldarlığı artırmaqla yanaşı, yeni biliklərin əldə olunmasına da kömək edə bilər.
Firuzə Əliyeva
Sfera.az