Fransa Prezidenti Emmanuel Makronun Ermənistanda keçirilən sammitdə söylədiyi bəzi fikirlər gündəmdədir. Makron çıxışında "Düzünü desək, səkkiz il əvvəl bura heç kim gəlməzdi. Səkkiz il əvvəl bu ölkə danışıqlar masasında faktiki olaraq Rusiyanın peyki hesab olunurdu. Biz gördük ki, Rusiya Ermənistanı taleyin ümidinə buraxdı və gözləntilərin reallığa uyğun gəlmədiyini anladıq. Geosiyasi kontekstdən göründüyü kimi, Rusiyaya çox ehtiyac duymamaq daha yaxşıdır. Biz buna İran, Mali rejimi və ya Rusiyanın öz tarixi müttəfiqləri Venesuela və Suriya nümunəsində bir daha əmin olduq; problemlər yarananda Rusiya orada deyildi", - deyə bildirib.

 


 


Makronun bu bəyanatından müxtəlif mənalar çıxarmaq olar. Fransa rəhbərinin dedikləri ümumi formada Rusiyanın Ermənistanı itirdiyi anlamına gəlir.




Sfera.az-a açıqlama verən siyasi şərhçi Şəhla Cəlilzadənin sözlərinə görə, Fransa hər zaman regionda, Cənubi Qafqazda provokativ siyasət yürüdən, Azərbaycan və Ermənistan arasında müharibə şəraitindən istifadə edərək bölgəyə müdaxilə etməyə çalışan bir ölkə olub:




“Hətta biz prezident səviyyəsində olmasa da, prezidentliyə iddialı digər partiyaların nümayəndələrinin, o cümlədən Fransa parlamentinin həm yuxarı, həm də aşağı palatalarının təmsilçilərinin Qarabağa, vaxtilə qondarma rejimin mövcud olduğu dövrdə səfər etdiklərini görmüşük. Fransa daim bölgədə revanşist siyasətin qalmasında və canlı saxlanılmasında maraqlı olub. Elə indinin özündə də unutmuruq ki, Fransa 2020-ci ildə Azərbaycanın şanlı qələbəsindən dərhal sonra keçmiş qondarma rejimin “müstəqilliyini” tanımağa çağırış edən qətnamələr qəbul etdi. İndiyədək də bu siyasət davam edir. Məhz Makronun Avropa Siyasi Birliyinin Ermənistan sammitində dediyi fikirlər də onun bu istiqamətdə nə qədər provokativ çıxışlar etdiyini və həmin siyasəti davam etdirdiyini göstərir. O bildirib ki, “Rusiya etibarsızdır”. Yəni sanki Azərbaycan öz ərazi bütövlüyünü haqlı olaraq bərpa edərkən Rusiya buna müdaxilə etməli idi. Halbuki Azərbaycan öz ərazisində mübarizə aparırdı və Rusiya KTMT çərçivəsində yalnız Ermənistana müdaxilə olunacağı təqdirdə onu qorumaq öhdəliyi daşıyırdı”.


 





Ekspertin fikrincə, Makronun çıxışını NATO müstəvisində müqayisə etmək olar:




“Məsələn, NATO-nun əsas gücü olan Amerika Birləşmiş Ştatları hazırda İranla müharibə aparır və bütün çağırışlara baxmayaraq, NATO üzvü olan ölkələr, o cümlədən Fransa, ilkin mərhələdə Trampın, Amerika Birləşmiş Ştatlarının rəsmi çağırışlarına məhəl qoymayaraq yardım etməmək mövqeyi sərgilədi. Bu isə o demək deyil ki, Amerika Birləşmiş Ştatları ilə Fransa arasında etimad yoxdur. Təbii ki, belə deyil və bu çıxış tamamilə provokativdir. Ümumilikdə isə Rusiyanın Ermənistanla hazırkı münasibətlərinə gəlincə, Makronun bu çıxışı bir tərəfdən Paşinyanın qərbyönümlü siyasətinə dəstək kimi də qiymətləndirilə bilər. Bununla o, sanki Rusiyanın mövcud olduğu bütün ərazilərdə artıq öz mövqeyini davamlı şəkildə müdafiə edə bilmədiyini çatdırmağa çalışır. Bu mənada həm Mali, həm Suriya, həm də Venesuela misal göstərilir. Rusiyanın Mali, Venesuela və Suriya məsələlərində geri çəkilməsi məsələsinə gəlincə isə, bu tamamilə fərqli kontekstdir. Burada artıq qlobal mübarizədən söhbət gedirdi və bunu Rusiyanın əslində mövqe itirməsi kimi qiymətləndirmək olar. Bu, sadəcə tərəfdaşlarını müdafiə etməməsi deyil, bunu etmək iqtidarında olmaması kimi dəyərləndirilməlidir. Çünki Suriyada müharibə ən azı 13 il davam etdi və Rusiya burada əlindən gələn dəstəyi göstərməyə çalışdı, lakin qlobal kontekst çərçivəsində buna nail ola bilmədi. Beləliklə, son olaraq qeyd etmək olar ki, Fransa prezidentinin bu tip müqayisələri istənilən halda provokasiyaya yönəlib”.




Bəsti Rəfizadə

Sfera.az