Dünyada mənzil problemi vahid qlobal böhran kimi qiymətləndirilməməlidir və müxtəlif regionlarda fərqli dinamikalar müşahidə olunur.
Sfera.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Qlobal Mənzil Böhranı: Plan Nədir?” panel müzakirəsində çıxış edən Cefri Saks bildirib.
O, çıxışı zamanı urbanizasiya, əhali artımı və mənzil siyasətinin bir-biri ilə sıx əlaqəli olduğunu vurğulayıb.
“Biz kompleks sistemlərdən danışırıq. Mənzil məsələsi şəhər iqtisadiyyatının və urban dəyişikliklərin yalnız bir hissəsidir”, - Saks qeyd edib.
Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində şəhər əhalisinin artımı artıq pik həddə çatıb. Belə ölkələrdə əsas məqsəd gecəqondu ərazilərinin aradan qaldırılması və mövcud yaşayış fondunun yenilənməsi olacaq. Lakin yaxın 25 ildə dünyada şəhərlərə daha 2 milyard insanın əlavə olunacağı gözlənilir.
Saks bildirib ki, bu artım əsasən Afrika və Cənubi Asiyada baş verəcək:
“Biz əhalisi sürətlə artan regionlarla urban əhalisi sabit qalan və ya azalan ölkələri fərqləndirməliyik. Xüsusilə Sub-Sahara Afrikasında həm yoxsulluq, həm də sürətli əhali artımı ciddi çağırış yaradır”.
O qeyd edib ki, hazırda Afrikanın əhalisi təxminən 1,4 milyard nəfərdir və əsrin ortalarınadək bu rəqəmin 2,5 milyarda çatacağı proqnozlaşdırılır.
İqtisadçı hesab edir ki, mənzil məsələsinin həlli üçün yalnız tikinti deyil, eyni zamanda gəlir səviyyəsi, məşğulluq, peşə bacarıqları və şəhər planlaşdırılması kimi amillər də nəzərə alınmalıdır.
“Biz vahid qlobal böhranla deyil, dünyanın müxtəlif hissələrində fərqli problemlərlə qarşı-qarşıyayıq”, - o əlavə edib.
Firuzə Əliyeva
Sfera.az