“The Athletic” nəşrinin məlumatına görə, İspaniya millisinin hücumçusu Lamin Yamal bud əzələsindən aldığı zədə səbəbindən komandanın 2026-cı il dünya çempionatındakı ilk oyununu buraxacaq.


 


Sfera.az xəbər verir ki, daha əvvəl “Barselona” futbolçusunun İspaniya çempionatının 33-cü turunda “Selta Viqo”ya qarşı keçirilən oyunun ilk hissəsində zədələndiyi bildirilmişdi.


 


Aprelin 22-də baş tutan görüş “Barselona”nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.




Məlumata görə, Yamal iyunun 15-də Kabo-Verdeyə qarşı keçiriləcək qrup mərhələsi oyununda iştirak etməyəcək. Bundan əlavə, futbolçunun iyunun 21-də Səudiyyə Ərəbistanına qarşı matçda meydana çıxıb-çıxmayacağı da hələlik məlum deyil. İspaniya millisi iyunun 26-da Uruqvay yığması ilə qarşılaşacaq.




18 yaşlı Yamal “Barselona”nın yetirməsidir. O, 2023-cü ilin aprel ayından əsas komandada çıxış edir. Gənc futbolçu klubla birlikdə üç dəfə İspaniya çempionu (2023, 2025, 2026), iki dəfə İspaniya Super Kubokunun (2025, 2026) və bir dəfə İspaniya Kubokunun (2025) qalibi olub. İspaniya millisində 25 oyuna çıxan Yamal altı qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.




Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.


 


Niyaz Hacıyev 

Sfera.az