İspaniyalı məşqçi Xosep Qvardiola cari mövsümün sonunda İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi vəzifəsindən ayrılacaq.
Sfera.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Mayın 19-da “Mançester Siti” İngiltərə Premyer Liqasının son turunda səfərdə Bornmut ilə qarşılaşacaq. Komanda mayın 24-də isə mövsümün son oyununda doğma meydanda Aston Villanı qəbul edəcək.
55 yaşlı Qvardiola 2016-cı ildən “Mançester Siti”nin sükanı arxasındadır. Onun rəhbərliyi altında klub altı İngiltərə çempionluğu, beş İngiltərə Liqa Kuboku, üç FA Community Shield, bir İngiltərə Kuboku, həmçinin bir dəfə UEFA Çempionlar Liqası, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.
Qvardiola daha əvvəl İspaniyanın Barselona və Almaniyanın Bavariya komandalarını da çalışdırıb. O, “Barselona” ilə üç La Liqa, iki İspaniya Kral Kuboku, üç İspaniya Superkuboku, iki UEFA Çempionlar Liqası, iki UEFA Super Kuboku və iki FIFA Klublararası Dünya Kuboku qazanıb. “Bavariya” ilə isə üç Bundesliqa çempionluğu, iki Almaniya Kuboku, UEFA Super Kuboku və FIFA Klublararası Dünya Kubokunun qalibi olub.
Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində lider “Arsenal”dan iki xal geri qalaraq ikinci pillədə qərarlaşıb. Komanda bu mövsüm FA Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
Niyaz Hacıyev
Sfera.az