“İnsanlar öz evlərindən zorla çıxarılır” 


 


Sfera.az xəbər verir ki, bu fikirləri Habitat Beynəlxalq Koalisiyasının prezidenti Qreys Çikumo-Mtonqa Ümumdünya Şəhərsalma Forumunun üçüncü günündə keçirilən “Qlobal Mənzil Böhranı: Plan Nədir?” adlı panel müzakirələrdə çıxışı zamanı deyib. 


 


Qreys Çikumo-Mtonqa bildirib ki, hazırda dünyada siyasi və iqtisadi sistemlər daha çox hökumət və biznes maraqlarına xidmət edir, bu isə mənzil hüququnun pozulmasına səbəb olur. 


 


“Bu gün güc və resurslar azsaylı insanların əlində cəmləşir. Yerli biliklərə və icma əsaslı yanaşmalara isə çox vaxt məhəl qoyulmur”, - o qeyd edib. 


 


Koalisiya prezidenti vurğulayıb ki, urbanizasiya və iqtisadi inkişaf adı altında insanlar yaşadıqları ərazilərdən uzaqlaşdırılır. 


 


“Xüsusilə böyük şəhərlər və iqtisadi mərkəzlər insanları öz doğma evlərindən sıxışdırıb çıxarır”, - o bildirib. 


 


Çikumo-Mtonqanın sözlərinə görə, məcburi köçürülmələrə yalnız tikinti layihələri deyil, həm də iqlim dəyişikliyi, müharibələr və münaqişələr səbəb olur. 


 


“Biz bunu məcburi köçürülmələrdə, iqlim fəlakətlərində və müharibələrin yaratdığı dağıntılarda açıq şəkildə görürük”, - o vurğulayıb. 


 


Spiker hesab edir ki, mənzilin kommersiya predmetinə çevrilməsi də qlobal böhranı dərinləşdirən əsas səbəblərdəndir. 


 


“Mənzil fundamental hüquqdur. Amma bu gün bir çox ölkədə insanlar baha qiymətlər və qısamüddətli kirayə sistemləri səbəbindən yaşayış yerlərini itirirlər”, - o bildirib. 


 


O əlavə edib ki, icma əsaslı və kollektiv yaşayış modelləri lazımi dəstək görmür. 


 


“Biz uzun illərdir yerli icmaların biliklərini və insanların birlikdə qurduğu yaşayış modellərini görməzdən gəlmişik”, - Çikumo-Mtonqa qeyd edib. 


 


Firuzə Əliyeva

Sfera.az