Qlobal maliyyə bazarlarında gərginlik və qeyri-müəyyənlik davam edir. ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hərbi zərbəni təxirə salması bazarlara birbaşa təsir edib. Eyni zamanda onun nüvə sazişi ilə bağlı ümidverici açıqlamaları da investorların qərarlarına təsir göstərib.
Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına istinadən, bu bəyanatlardan sonra dünya birjalarında səhmlər ucuzlaşıb, neft qiymətləri isə aşağı düşüb.
Prezident Tramp bildirib ki, Tehran Vaşinqtona yeni sülh təklifi göndərib. Bu səbəbdən danışıqlara vaxt qazandırmaq üçün hərbi əməliyyatlar dayandırılıb. Tramp həmçinin İranın nüvə silahı almasının qarşısını alacaq yeni sazişin imzalanma ehtimalını "çox yüksək" qiymətləndirib.
Bu xəbərlərdən sonra neft bazarında qiymətlər enib. "Brent" markalı neft təxminən 2% ucuzlaşaraq 109.94 dollara düşüb. ABŞ xam nefti (WTI) isə 1.54% dəyər itirərək 106.99 dollar olub.
Buna baxmayaraq, hər iki neft növünün qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə hələ də 50%-dən çox yüksəkdir. Məlumatlar göstərir ki, investorlar Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti tam təmin olunana qədər ehtiyatlı davranacaqlar.
Siyasi bəyanatlar qlobal səhm bazarlarına da mənfi təsir göstərib və eniş qeydə alınıb. Yaponiyanın Nikkei indeksi 0.3% geriləyib. Çinin CSI300 indeksi 0.8% aşağı düşüb. Ən böyük azalma Cənubi Koreyada olub; Kospi indeksi 3%-dən çox ucuzlaşıb. ABŞ-də Nasdaq fyuçersləri 0.5%, S&P 500 fyuçersləri isə 0.3% enib. Avropa birjaları isə günü demək olar ki, sabit və ya çox az artımla bitirib.
Mütəxəssislər əlavə ediblər ki, hazırda qlobal birjaların gələcək vəziyyəti həm də çərşənbə günü hesabat verəcək süni intellekt nəhəngi "Nvidia" şirkətinin maliyyə nəticələrindən birbaşa asılıdır.
Bəsti Rəfizadə
Sfera.az