“Əvvəllər bir evdə 5 nəfər yaşayırdı, indi isə bu rəqəm 2.8-ə düşüb”


 


Sfera.az xəbər verir ki, bu fikirləri BMT-nin nümayəndəsi, çilili memar, urbanistika və dayanıqlı şəhər inkişafı üzrə professor və tədqiqatçı Marqarita Qrin Ümumdünya Şəhərsalma Forumunun üçüncü günündə “Qlobal Mənzil Böhranı: Plan Nədir?" adlı panel müzakirələrdə çıxışı zamanı deyib.


 


Professor bildirib ki, dünyada ailə strukturu və yaşayış modeli dəyişdiyi üçün mənzil siyasətinə yanaşma da əvvəlkindən fərqli olmalıdır:


 


“Əhali yaşlanır və proqnozlar bunu açıq şəkildə göstərir. Ona görə də bu gün hazırladığımız həllər keçmişdəki modellərlə eyni ola bilməz”.

Qrin vurğulayıb ki, ailələr artıq əvvəlki kimi çoxuşaqlı deyil, insanların həyat tərzi dəyişib və təhsil səviyyəsi yüksəlib.


 


“İndi cəmiyyət əvvəlki dövrlərlə müqayisədə daha fərqli yaşayır. Bu səbəbdən mənzil probleminə yalnız ev məsələsi kimi baxmaq düzgün deyil”, - o qeyd edib.


 


Professor diqqəti “mənzil probleminin dörd səviyyəsi”nə yönəldib:


 


“Bu məsələ ev, məhəllə, şəhər və ümumi ərazi ilə bağlıdır. Hər bir istiqamət müasir dövrdə yeni çağırışlar yaradır”.


 


Spikerin sözlərinə görə, Latın Amerikası bu dəyişikliklərin ən aydın göründüyü regionlardan biridir.


 


“Bu gün orada evlər daha kiçikdir, ailələrdə uşaqların sayı azdır və insanlar daha uzunömürlüdür. Başqa sözlə, ev anlayışı dəyişib”, - Qrin bildirib.


 


O əlavə edib ki, əvvəlki dövrlərdə həssas qruplar üçün əsas dayaq məhz qonşuluq və icma münasibətləri olub.


 


“İnsanlar çətinliklə qarşılaşanda bir-birinə dəstək verirdi. Amma dövlət qeyri-rəsmi yaşayış məntəqələrindən geri çəkiləndə yaranan boşluğu çox vaxt mütəşəkkil cinayətkar qruplar doldurur”, - professor xəbərdarlıq edib.


 


Firuzə Əliyeva

Sfera.az