Mənzil hüququ sahəsində əsas prinsip insanların ayrı-seçkiliyə məruz qalmamasıdır.


 


Sfera.az xəbər verir ki, bunu WUF13-ün üçüncü günündə keçirilən “Qlobal Mənzil Böhranı: Plan Nədir?” panel müzakirəsində çıxış edən BMT-nin Kifayət qədər Mənzil Hüququ üzrə Xüsusi Məruzəçisi Koldo Kasla deyib.


 


O, insanların mənzil hüququnun yalnız ev sahibi olmaq anlamına gəlmədiyini vurğulayıb.


 


“Heç kəs kənarda qalmamalıdır. Xüsusilə risk altında olan insanların hüquqları qorunmalıdır”, - o bildirib.


 


Kasla qeyd edib ki, BMT-yə dünyanın müxtəlif ölkələrindən kütləvi köçürülmə, evsiz qalma və torpaq hüquqlarının pozulması ilə bağlı müraciətlər daxil olur.


 


Onun sözlərinə görə, BMT-nin xüsusi məruzəçisi kimi əsas vəzifələrindən biri hökumətlərlə və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşərək problemləri yerində araşdırmaqdır.


 


“Buraya öyrənmək və insanları dinləmək üçün gəlmişəm. İnsan hüquqlarının harada fərq yarada biləcəyini anlamaq istəyirəm”, - Kasla vurğulayıb.


 


O bildirib ki, beynəlxalq insan hüquqları hüququ mənzilin “adekvat” olub-olmadığını müəyyən etmək üçün konkret meyarlar təqdim edir.


 


“Mənzil yalnız dörd divar deyil. Təhlükəsizlik, əlçatanlıq, münasib qiymət və mədəni uyğunluq da vacibdir”, - o əlavə edib.


 


Kasla həmçinin qeyd edib ki, dövlətlər mənzil hüququnun təmin olunması üçün bütün mövcud resursları səfərbər etməli və əldə edilmiş sosial hüquqlardan geri addım atmamalıdırlar.




Firuzə Əliyeva

Sfera.az