İran zənginləşdirilmiş uranın ABŞ-yə göndərilməsi əvəzinə Rusiyaya ötürülməsinə razılıq verib. Bu barədə Tehranın Vaşinqtonla münaqişənin həlli üçün yenidən işlənmiş saziş layihəsində deyilir və sənədin bəzi hissələri “Əl-Hədət” televiziyası tərəfindən yayımlanıb.
Maraqlıdır, ABŞ bu razılığı qəbul edərmi?
Mövzu ilə bağlı politoloq Aytən Qurbanova Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, ilkin mərhələdə ABŞ bu təklifi qəbul edə bilər:
“Xüsusilə, nəzərə alsaq ki, son zamanlarda Rusiya ilə müəyyən mənada razılaşmalar əldə olunub. İstər Rusiya-Ukrayna müharibəsi ilə bağlı, istərsə də, dünyada baş baş verən proseslər ilə bağlı mövqelərin nümayiş etdirilməsinə nəzər yetirdikdə, ciddi açıq və ziddiyyətli bəyanatları müşahidə etmirik. İndiki məqamda ABŞ-nin İrana hər hansısa bir formada ehtimad göstərmədiyi aydın şəkildə bəllidir”.
Politoloq qeyd edib ki, ümumiyyətlə qarşılıqlı olaraq etimad böhranı yaşanır:
“Ona görə də, zənginləşdirilmiş uranın ABŞ-yə, ya da onun tərəfdaşlarına verilməyəcəyi ilə bağlı konkret fikir ifadə etmək mümkündür. ABŞ-nin əsas hədəfinin uranın zənginləşdirilmiş hissəsinin İranın istifadəsində və nəzarətində qalmasının qarşısının alınması ilə bağlı olduğunu nəzərə alsaq, bəli, Rusiya ehtimalı ümumilikdə proseslərin idarə olunması və ilkin razılığın əldə edilməsi üçün mümkün olan ən optimal variantlardan biridir və indiki halda istisna edilmir”.
Niyaz Hacıyev
Sfera.az