İngiltərə Premyer Liqasının 37-ci turunun son oyununda “Çelsi” doğma meydanda “Tottenhem” üzərində 2:1 hesablı qələbə qazanıb.
Sfera.az xəbər verir ki, “Stemford Bric” stadionunda keçirilən qarşılaşmada hesabı 18-ci dəqiqədə Enzo Fernandes açıb.
London təmsilçisinin ikinci qolunu isə 67-ci dəqiqədə Andrey Santos vurub. Qonaq komandanın yeganə qoluna 74-cü dəqiqədə Riçarlison imza atıb.
Bu qələbə ilə “Çelsi” Premyer Liqada yeddi oyunluq qələbəsiz seriyasına son qoyub. Komanda hazırda 52 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Çelsi” son turda səfərdə “Sanderlend”in qonağı olacaq.
“Tottenhem” isə 38 xalla 17-ci sırada yer alır. Komanda ən yaxın izləyicisi olan “Vest Hem”i cəmi iki xal qabaqlayır. Premyer Liqada 18-ci pilləni tutan komanda aşağı liqaya düşəcək.
Qeyd edək ki, “Tottenhem” son turda öz meydanında “Everton”u qəbul edəcək. “Vest Hem” isə evdə “Lids”lə üz-üzə gələcək. Premyer Liqanın son turun bütün oyunları mayın 24-də keçiriləcək.
Niyaz Hacıyev
Sfera.az