Afrikada yenidən yayılmağa başlayan Ebola epidemiyası ilə bağlı narahatlıq artır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Bundibuqyo virusunun yaratdığı Ebola epidemiyası barədə son vəziyyəti açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında bildirib ki, vəziyyət “beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti” kimi qiymətləndirilib.
Onun sözlərinə görə, bu qərar Baş direktorun Fövqəladə Komitəsini çağırmazdan əvvəl fövqəladə vəziyyət elan etdiyi ilk hadisədir.
ÜST rəhbəri qeyd edib ki, epidemiya hazırda milli və regional səviyyədə yüksək risk yaratsa da, qlobal səviyyədə risk aşağı hesab olunur. Bununla belə, virusun yayılma potensialı ciddi narahatlıq doğurur.
Açıqlanan məlumatlara əsasən, Konqo Demokratik Respublikasında indiyədək 51 yoluxma halı təsdiqlənib. Bununla yanaşı, təxminən 600 şübhəli yoluxma və 139 şübhəli ölüm faktının olduğu bildirilib. Epidemiyanın şəhər ərazilərinə də yayıldığı vurğulanıb.
Bundan başqa, Uqandada Konqodan gələn iki nəfərdə virus aşkarlanıb və yoluxanlardan biri həyatını itirib. Konqoda çalışan bir ABŞ vətəndaşının test nəticəsinin müsbət çıxdığı və onun Almaniyaya köçürüldüyü də açıqlanıb.
ÜST rəhbəri səhiyyə işçiləri arasında ölüm hallarının qeydə alındığını, xüsusilə İturi əyalətində silahlı münaqişələrin artmasının epidemiya ilə mübarizəni çətinləşdirdiyini bildirib. Bölgədə 100 mindən çox insanın evlərini tərk etdiyi qeyd olunub.
Qebreyesus əlavə edib ki, hazırda Bundibuqyo virusuna qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Bununla belə, ölkələrin virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görməsinin vacibliyi vurğulanıb.
ÜST həmçinin epidemiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Fondundan əlavə 3,4 milyon dollar maliyyə ayrıldığını açıqlayıb. Bununla ümumi maliyyə dəstəyi 3,9 milyon dollara çatdırılıb.
Ebola təhlükəsi səbəbindən Uqandada 2 milyona yaxın insanın iştirakı gözlənilən Şəhidlər Günü tədbirlərinin təxirə salındığı da bildirilib.
Fidan Hacızadə
Sfera.az