Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin “Mançester Yunayted” klubundan ayrılaraq ABŞ təmsilçisi “İnter Mayami”yə keçməyə yaxındır.
Sfera.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Mənbənin iddiasına görə, 34 yaşlı futbolçu mayın 24-də keçiriləcək İngiltərə çempionatının son tur oyunundan sonra MLS təmsilçisi ilə müqavilə imzalamaq niyyətindədir. Kazemiro 2022-ci ilin yayında “Mançester Yunayted”ə transfer olunub.
O, İngiltərə klubu ilə birlikdə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub. Təcrübəli yarımmüdafiəçi karyerası ərzində Braziliyanın “San Paulo”, Portuqaliyanın “Porto” və İspaniyanın “Real Madrid” klublarında da çıxış edib. Xüsusilə “Real Madrid”də uğurlu dönəm keçirən futbolçu klubla birlikdə beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Kazemiro Madrid təmsilçisi ilə yanaşı, üç dəfə İspaniya çempionluğu, üç İspaniya Super Kuboku, UEFA Super Kuboku, Klublararası Dünya Kuboku və İspaniya Kubokunu da qazanıb. Braziliya millisinin üzvü olan futbolçu 2019-cu ildə Amerika Kubokunun qalibi adını da qazanıb.
Qeyd edək ki, “İnter Mayami” hazırda MLS-in son çempionudur. Komandanın kapitanı isə səkkizqat “Qızıl top” sahibi, argentinalı ulduz Lionel Messidir.
Niyaz Hacıyev
Sfera.az