İngiltərənin “Aston Villa” komandası UEFA Avropa Liqasının finalında Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.


 


İstanbulda keçirilən həlledici qarşılaşmada İngiltərə təmsilçisi üstün oyun nümayiş etdirib.


 


Sfera.az xəbər verir ki, oyunda qolları Yuri Tilemans (41-ci dəqiqə), Emiliano Buendia (45+3) və Morqan Rocers (58-ci dəqiqə) vurublar. Bununla da “Aston Villa” tarixində ilk dəfə Avropa Liqasının kubokunu qazanıb. Klub daha əvvəl, 1982-ci ildə Avropa Kuboku və UEFA Super Kubokunun sahibi olmuşdu. Birmingem təmsilçisi həmçinin yeddi dəfə İngiltərə çempionu, yeddi dəfə İngiltərə Kubokunun, beş dəfə isə Liqa Kubokunun qalibi olub. Komandaya rəhbərlik edən baş məşqçi Unay Emeri isə Avropa Liqası tarixində növbəti uğurunu əldə edib.


 


Bu final ispaniyalı mütəxəssisin karyerasında altıncı Avropa Liqası finalı olub. Emeri daha əvvəl “Sevilya” ilə (2014, 2015, 2016) və “Vilyarreal”la (2021) turnirin qalibi olub. O, həmçinin 2019-cu ildə “Arsenal”ı finala çıxarsa da, London klubu həlledici oyunda “Çelsi”yə 1:4 hesabı ilə uduzub. “Frayburq” isə tarixində ilk dəfə Avropa kuboklarının finalına yüksəlmişdi. “Aston Villa”nın qələbəsi ilə İngiltərə klubları ikinci ən nüfuzlu Avropa klub turnirində 11-ci çempionluğunu qazanıb. Bu göstəricidə yalnız İspaniya klubları öndədir - 14 titul.


 


Turnirin tarixində ən çox çempion olan klub isə 7 kubokla “Sevilya”dır. Avropa Liqasının son qalibi isə ötən mövsüm “Tottenhem” olmuşdu. Bu uğur sayəsində “Aston Villa” gələn mövsüm UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. Birmingem klubu mayın 30-da Budapeştdə keçiriləcək UEFA Super Kuboku oyununda Çempionlar Liqasının finalında üz-üzə gələcək “Arsenal” və PSJ cütünün qalibi ilə qarşılaşacaq.


 


Niyaz Hacıyev


Sfera.az