Son dövrlərdə havaların tez-tez dəyişməsi, temperatur fərqlərinin artması və qeyri-sabit iqlim şəraiti insanların gündəlik həyatına da təsirsiz ötüşmür.


 


Xüsusilə bir çox insan son zamanlar baş ağrılarının daha da artdığını bildirir və bunu hava şəraiti ilə əlaqələndirir. Bəziləri yağışdan əvvəl, bəziləri isə güclü külək, isti hava və ya atmosfer təzyiqinin dəyişməsi zamanı baş ağrılarının şiddətləndiyini deyir.


 


Maraqlıdır, həqiqətən hava şəraitinin baş ağrılarına təsiri varmı? Bu vəziyyət daha çox hansı insanlarda müşahidə olunur?


 


Terapevt Zakir Quliyev Sfera.az-a açıqlamasında bildirib ki, hava şəraitinin baş ağrılarına təsiri həqiqətən var. Onun sözlərinə görə, bunu həm həkimlər, həm də araşdırmalar təsdiqləyir:


 



 


“Xüsusilə miqren, xroniki baş ağrısı və ya hava dəyişikliklərinə həssaslığı olan insanlarda bu təsir daha çox hiss olunur. İnsan bədəni ətraf mühitdəki dəyişikliklərə qarşı çox həssasdır və hava dəyişəndə beyindəki damarlar, sinirlər və qan dövranı da buna reaksiya verir. Nəticədə bəzi insanlarda baş ağrısı başlayır və ya mövcud ağrı güclənir. Ən çox təsir edən amillərdən biri atmosfer təzyiqidir. Məsələn, yağışdan və ya fırtınadan əvvəl atmosfer təzyiqi dəyişir. Bu dəyişiklik beyindəki damarların genişlənməsinə və ya daralmasına səbəb ola bilər. Miqreni olan insanlarda isə bu proses daha həssas şəkildə baş verir və güclü ağrı yarada bilir. Bəzi insanlar “hava tutulur” deyəndə artıq baş ağrısının yaxınlaşdığını hiss edir”.


 


Terapevt vurğulayıb ki, rütubət və temperatur da baş ağrılarının yaranmasında böyük rol oynayır:


 


“Çox isti hava orqanizmdə susuzluq yaradır və bu da baş ağrısını artırır. Güclü günəş işığı və havasız mühit də ağrını tətikləyə bilər. Soyuq hava və sərt külək isə bəzi insanlarda sinusların və sinirlərin həssaslaşmasına səbəb olur. Hətta bəzi insanlar qışda və ya mövsüm dəyişəndə daha çox baş ağrısı yaşadıqlarını deyirlər. Bundan başqa, hava dəyişiklikləri insanın yuxusuna, əhvalına və enerji səviyyəsinə də təsir edir. Məsələn, buludlu və ağır hava bəzi insanlarda yorğunluq və stress yaradır.


 


Stress və yuxu pozğunluğu isə baş ağrısını daha da artıran əsas səbəblərdəndir. Yəni bəzən ağrı birbaşa havadan yox, havanın yaratdığı fiziki və emosional təsirlərdən yaranır. Amma bu məsələ hər insanda eyni olmur. Bəzi insanlar hava dəyişikliklərini heç hiss etmədiyi halda, digərləri çox həssas olur. Əgər baş ağrıları tez-tez hava dəyişəndə baş verirsə, bunu izləmək faydalı ola bilər. Gün ərzində kifayət qədər su içmək, normal yuxu rejimi saxlamaq, çox isti və havasız yerlərdən uzaq olmaq və stressi azaltmaq ağrıların azalmasına kömək edə bilər. Əgər ağrılar çox güclü və davamlı olursa, mütləq həkimə müraciət etmək lazımdır”.


 


Niyaz Hacıyev


Sfera.az