Uzun illərdir sağlam həyat üçün tövsiyə olunan “gündə səkkiz saat yatmaq” qaydası yeni elmi araşdırmanın nəticələri ilə yenidən müzakirə mövzusuna çevrilib.


 


Sfera.az xəbər verir ki, İngiltərədə aparılan genişmiqyaslı tədqiqat göstərib ki, insan orqanizmi üçün ən optimal yuxu müddəti 6,4 ilə 7,8 saat arası hesab olunur.


 


Araşdırma zamanı təxminən 500 min insanın sağlamlıq məlumatları analiz edilib. Tədqiqatçılar beyin, ürək, ağciyər, qaraciyər və immunitet sistemi də daxil olmaqla 17 əsas orqan sisteminin bioloji yaşlanma səviyyəsini qiymətləndiriblər. Bunun üçün 23 fərqli bioloji yaşlanma göstəricisindən istifadə olunub.


 


Mütəxəssislərin sözlərinə görə, altı saatdan az və ya səkkiz saatdan çox yatan insanlarda orqanların hüceyrəvi yaşlanması daha sürətli baş verir. Ən sağlam nəticələrin isə gecə orta hesabla yeddi saat keyfiyyətli yuxu alan şəxslərdə müşahidə edildiyi bildirilib.


 


Araşdırmada qeyd olunur ki, qısa yuxu depressiya, piylənmə, Tip 2 diabet və ürək-damar xəstəlikləri riskini artırır. Bununla yanaşı, normadan artıq yatmağın da xüsusilə beyin hüceyrələrinin yaşlanmasını sürətləndirdiyi və immunitet sistemini zəiflədə biləcəyi vurğulanıb.


 


Alimlər yuxu ehtiyacının genetik xüsusiyyətlərə görə dəyişə biləcəyini bildirsələr də, əksər böyüklər üçün ideal yuxu müddətinin təxminən yeddi saat olduğunu qeyd edirlər.


 


Fidan Hacızadə

Sfera.az