Alimlər milyonlarla insanın mübarizə apardığı hipertoniya (yüksək qan təzyiqi) xəstəliyinin müalicəsində inqilabi addım atıblar. Belə ki, artıq hər gün həb qəbul etmək məcburiyyəti tarixə qovuşacaq. 


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək təzyiqə qarşı bədənə yerləşdirilən xüsusi implant hazırlayıblar.


 


Adətən orta yaşlarda özünü büruzə verən və insanların sosial həyatına ciddi mənfi təsir göstərən hipertoniya, vaxtında nəzarət altına alınmadıqda ölümcül fəsadlara yol açır. Təzyiq xəstəliyi olduğunu öyrənən şəxslər dərhal dərman qəbuluna başlayır, duzsuz pəhrizə keçir və idmanla məşğul olurlar. Lakin bəzi xəstələrdə bütün bunlara rəğmən təzyiqi aşağı salmaq mümkün olmur.




Tibbdə "dərmana davamlı hipertoniya" kimi tanınan bu vəziyyət dünyada milyonlarla insana təsir edir, infarkt, insult və böyrək çatışmazlığı riskini kəskin şəkildə artırır.




Məhz bu qrup xəstələrin xilası üçün Pensilvaniya Dövlət Universitetinin (Penn State) tədqiqat qrupu hərəkətə keçib. Elm insanları yüngül elektrik stimullaşdırılması vasitəsilə qan təzyiqini aşağı salan və 3D çap texnologiyası ilə hazırlanan "CaroFlex" adlı cihazı ərsəyə gətiriblər.




Nüfuzlu "Device" jurnalında dərc olunan araşdırmaya görə, heyvanlar üzərində aparılan ilk sınaqlar uğurla nəticələnib. Cihazın qan təzyiqini effektiv şəkildə aşağı saldığı, eyni zamanda ənənəvi implantlarda tez-tez rast gəlinən toxuma zədələnməsi və qıcıqlanma kimi mənfi halları minimuma endirdiyi müşahidə edilib.

"CaroFlex" adlı bu mini cihaz boyundakı arteriya damarına yerləşdirilir. Proses isə tamamilə bədənin təbii mexanizminə əsaslanır. İmplantdakı sensorlar qan axını zamanı damar divarlarının nə qədər gərildiyini (təzyiqi) anbaan izləyir. Qan təzyiqi normadan çox yüksəldikdə, sensorlar dərhal beynə yüngül elektrik siqnalları göndərir. Siqnalı alan beyin ürək döyüntüsünü infarkt riskini azaldacaq şəkildə yavaşladır və qan damarlarını genişləndirir. Nəticədə təzyiq tamamilə təbii yolla normaya düşür.




Mövzu ilə bağlı açıqlama verən layihə rəhbəri, professor Tao Zhou bioelektronik cihazların gələcəyin müalicə üsulu olduğunu vurğulayıb:




"Bir çox xəstədə eyni vaxtda 3-5 fərqli dərmanın birlikdə istifadəsi belə yüksək təzyiqi aşağı salmağa kömək etmir. Belə çarəsiz vəziyyətlərdə bədənin öz təbii reaksiya sistemlərini tənzimləmək üçün elektrik siqnallarından istifadə edən bioelektronik cihazlar mükəmməl və gələcək vəd edən alternativ müalicə üsuludur".




Bəsti Rəfizadə

Sfera.az