Havaların isinməsi ilə metro və avtobuslarda ürəkgetmə halları artıb. Xüsusilə də gənclər arasında bu hallar tez-tez müşahidə olunur. Bəzi mütəxəssislərin fikrincə, bu ürək xəstəlikləri ilə bağlıdır.
Bəs ürəkgetmə hansı hallarda yaşanır? Bunun səbəbi gənclər arasında ürək xəstəlikləri ilə bağlıdır, yoxsa imunnitet zəifliyi?
Məsələ ilə bağlı terapevt Zakir Quliyev Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, ürəkgetmə yalnız ürək xəstəlikləri ilə bağlı deyil. Mütəxəssis ürəkgetməyə səbəb olan amilləri açıqlayıb:
“Əsas səbəblər istilik, havasızlıq, susuz qalmaq, uzun müddət ayaqüstə qalmaq və orqanizmin təzyiq dəyişikliklərinə reaksiyası ilə bağlıdır. İsti hava damarların genişlənməsinə səbəb olur və qan təzyiqi aşağı düşə bilər. Metro və avtobuslarda sıxlıq, oksigen azlığı və yüksək temperatur buna əlavə olunanda beyinə gedən qan axını qısa müddətlik azalır və nəticədə başgicəllənmə, halsızlıq, göz qaralması və hətta ürəkgetmə baş verir. Gənclərdə bu vəziyyət daha çox ona görə görünür ki, onların bir hissəsi səhər yeməyi yemədən evdən çıxır, kifayət qədər su içmir, uzun müddət ac qalır və ya yorğun olur. Bəzən stress və panik vəziyyət də ürəkgetməni sürətləndirə bilir”.
Z.Quliyev ürəkgetmə hallarının nə zaman ürək xəstəliyi ilə bağlı olduğunu da bildirib:
“Bu hal tez-tez təkrarlanırsa, sinə ağrısı, nəfəs darlığı, ürəkdöyünmə və ya ciddi halsızlıqla müşayiət olunursa, mütləq həkim müayinəsi lazımdır. Çünki bəzi hallarda gizli qanazlığı, təzyiq problemləri və ya ürək ritm pozğunluqları da səbəb ola bilər. Qarşısını almaq üçün gündə kifayət qədər su içmək, səhər yeməyini keçməmək, uzun müddət ac qalmamaq və çox isti saatlarda sıx nəqliyyatda ehtiyatlı olmaq vacibdir. Metro və avtobusda özünü pis hiss edən şəxs mümkün qədər oturmalı, dərin nəfəs almalı və su içməlidir. Açıq rəngli və rahat geyimlər də orqanizmin istiyə dözümlülüyünü artırır. Yəni isti havalarda gənclər arasında artan ürəkgetmə hallarının əsas səbəbi əksər hallarda istilik və həyat tərzi faktorlarıdır, immunitet zəifliyi yox. Bununla belə, vəziyyət davamlı və ağır formada təkrarlanırsa, tibbi müayinə vacibdir”.
Bəsti Rəfizadə
Sfera.az