D vitamini körpələrin sağlam inkişafı üçün vacib vitaminlərdən biri hesab olunur. Həkimlərin tövsiyəsinə əsasən, xüsusilə ana südü ilə qidalanan körpələrə doğulduqları ilk günlərdən etibarən D vitamini əlavələri verilir. Bu vitamin sümük və dişlərin formalaşmasında, kalsiumun mənimsənilməsində və raxitin qarşısının alınmasında mühüm rol oynayır. 




Sfera.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, faydalı olduğu qədər, normadan artıq istifadə edildikdə ciddi sağlamlıq problemlərinə də səbəb ola bilər.  


 


Mütəxəssislərin sözlərinə görə, D vitamini yağda həll olunan vitamin olduğundan orqanizmdə toplanır və həddindən artıq qəbul edildikdə toksik təsir göstərə bilər. Bu zaman qanda kalsiumun səviyyəsi yüksəlir ki, bu vəziyyət “hiperkalsemiya” adlanır. Hiperkalsemiya nəticəsində körpədə iştahasızlıq, qusma, qəbizlik, halsızlıq, həddindən artıq susuzluq hissi və tez-tez sidiyə getmə kimi əlamətlər yarana bilər. Ağır hallarda isə böyrəklərin zədələnməsi, ürək ritm pozuntuları və yumşaq toxumalarda kalsium yığılması müşahidə oluna bilər.  


 


Araşdırmalar göstərir ki, D vitamini zəhərlənməsi adətən günəş şüaları və ya qidalar vasitəsilə deyil, məhz əlavələrin normadan artıq qəbul edilməsi nəticəsində baş verir. Bəzən valideynlərin damcıların dozasını səhv hesablaması və ya müxtəlif vitamin preparatlarını eyni vaxtda verməsi risk yarada bilər.


 


Mütəxəssislər valideynlərə D vitamini preparatlarını yalnız pediatrın təyin etdiyi dozada verməyi tövsiyə edirlər. Körpənin yaşına, çəkisinə və qidalanma xüsusiyyətlərinə uyğun olmayan yüksək dozalar sağlamlıq üçün təhlükəli ola bilər. Xüsusilə uzun müddət yüksək dozada qəbul zamanı mütəmadi tibbi nəzarət və lazım gəldikdə qan analizlərinin aparılması vacib sayılır.  


 


Həkimlər vurğulayırlar ki, D vitamini körpələrin sağlam böyüməsi üçün əvəzsizdir, lakin “çox istifadə etsəm daha faydalı olar” düşüncəsi yanlışdır. Hər bir vitamin kimi, D vitamininin də düzgün dozası sağlamlıq üçün əsas şərtdir.  




Valideynlər körpədə səbəbsiz qusma, iştahasızlıq, halsızlıq və ya həddindən artıq susuzluq kimi əlamətlər müşahidə etdikdə mütləq həkimə müraciət etməlidirlər. Bu əlamətlər bəzən D vitamininin həddindən artıq qəbulunun xəbərçisi ola bilər.  




Bəsti Rəfizadə

Sfera.az