Psixi sağlamlıq artıq yalnız fərdi problem deyil, qlobal ictimai sağlamlıq məsələsinə çevrilib.
Sfera.az xəbər verir ki, “The Lancet” jurnalında dərc olunan “Global Burden of Disease 2023” analizinə əsasən, hazırda dünyada təxminən 1,2 milyard insan müxtəlif psixi sağlamlıq pozuntuları ilə yaşayır.
Araşdırmada xüsusilə təşviş (anksiyete) və depressiya hallarının son illərdə ciddi şəkildə artdığı vurğulanır. Tədqiqatçılar bildirirlər ki, pandemiyadan sonra yaranan psixoloji gərginlik, sosial tənhalıq, iqtisadi qeyri-sabitlik, müharibələr, zorakılıq halları, iqlim böhranı və insanlar arasındakı sosial bağların zəifləməsi bu artımın əsas səbəbləri arasında yer alır.
Mütəxəssislər qeyd edir ki, psixi sağlamlıq pozuntuları “zəiflik” və ya “iradəsizlik” kimi qiymətləndirilməməlidir. Bu problemlər bioloji, psixoloji və sosial faktorların birgə təsiri nəticəsində yaranan real sağlamlıq vəziyyətidir. Araşdırmada erkən psixoloji dəstəyin, terapiyaya əlçatanlığın, sağlam sosial münasibətlərin, keyfiyyətli yuxunun, fiziki aktivliyin və təhlükəsiz yaşam şəraitinin psixi sağlamlığın qorunmasında mühüm rol oynadığı da vurğulanıb.
Mütəxəssislər hesab edir ki, gələcək illərdə psixi sağlamlıq xidmətlərinə investisiyanın artırılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi qlobal səhiyyə siyasətinin əsas istiqamətlərindən biri olacaq.
Fidan Hacızadə
Sfera.az