Rusiya ilə Ermənistan arasında münasibətlərdə son dövrlər müşahidə olunan gərginlik artıq iqtisadi müstəviyə də keçib. Son günlər Rusiyanın Ermənistandan idxal edilən bəzi məhsullara məhdudiyyət tətbiq etməsi İrəvanda keçiriləcək seçkilər fonunda diqqət çəkib. Bu addımın texniki səbəblərlə bağlı olduğu bildirilsə də, prosesin arxasında siyasi mesajların dayandığı ilə bağlı fikirlər səslənir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı postsovet məkanında ən yüksək səviyyədə olan struktur asılılıqlardan biridir:
“Bu asılılıq təkcə ticarətlə məhdudlaşmır. Enerji, investisiya, miqrasiya və maliyyə kanalları da Rusiyanın təsir dairəsindədir. Ermənistan ixracının 35 faizdən çoxu Rusiya bazarına yönəlir. İdxalda isə Rusiyanın payı 50 faizə qədər yüksəlir. Əsas məhsullar kənd təsərrüfatı malları, spirtli içkilər, mineral xammal və almaz emalı məhsullarıdır”.
İqtisadçının sözlərinə görə, Rusiyanın Ermənistanda strateji sahələr üzərində ciddi nəzarəti mövcuddur:
“Dəmir yolları tamamilə Rusiyanın nəzarəti altındadır. Enerji sektoru da eyni vəziyyətdədir. Ermənistanda ən böyük vergi ödəyicilərindən biri “Qazprom Armenia”dır. Bu baxımdan Ermənistan iqtisadi olaraq faktiki şəkildə Rusiyanın vassalına çevrilib”.
Ekspert hesab edir ki, son qadağalar sırf fitosanitar nəzarət məsələsi deyil və qərarın seçkilər ərəfəsinə olması etməsi təsadüfi görünmür:
“Bu addım daha çox siyasi siqnal xarakteri daşıyır. Rusiya Ermənistana mesaj verir ki, əsas ixrac bazarı istənilən vaxt məhdudlaşdırıla bilər. Yəni İrəvan müəyyən məsələlərdə diqqətli davranmalıdır”.
Asif İbrahimov qeyd edib ki, Ermənistan üçün Rusiyadan gələn pul köçürmələri həyati əhəmiyyət daşıyır:
“Ermənistandan kənarda çalışan miqrantların böyük hissəsi Rusiyadadır və pul köçürmələrinin əsas hissəsi də məhz oradan gəlir. Rusiya-Ukrayna müharibəsindən sonra minlərlə Rusiya vətəndaşı Ermənistana köçdü və bu da ölkə iqtisadiyyatına əlavə təsir göstərdi”.
İqtisadçı əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı üzvü olması da onun iqtisadi siyasətini sərbəst formalaşdırmasına mane olur:
“Rusiya demək istəyir ki, əgər Ermənistan geosiyasi istiqamətini dəyişməyə çalışsa, iqtisadi təzyiqlər daha da sərtləşə bilər. Bu gün gül məhsullarına qadağa tətbiq edilir, sabah isə spirtli içkilər və digər kənd təsərrüfatı məhsulları ilə bağlı məhdudiyyətlər gündəmə gələ bilər”.
Firuzə Əliyeva
Sfera.az