Yeni aparılan elmi araşdırma mürəkkəb qərarların qəbulunda uzun müddət düşünməyin hər zaman daha yaxşı nəticə vermədiyini üzə çıxarıb.


 


Sfera.az xəbər verir ki, peşəkar şahmat oyunçuları üzərində aparılan tədqiqatlarda onların gediş müddətləri və qərar keyfiyyəti qabaqcıl şahmat proqramlarının analizləri ilə müqayisə edilib. Bu üsul sayəsində hər bir gedişin obyektiv olaraq “ən yaxşı” olub-olmadığı müəyyənləşdirilib. Nəticələr göstərib ki, eyni çətinlik səviyyəsinə malik mövqelərdə daha sürətli qərar verən oyunçular orta hesabla daha düzgün gedişlər ediblər. Əksinə, daha uzun müddət düşünən şahmatçılarda səhv ehtimalının artdığı müşahidə olunub.


 


Tədqiqatçılar bunu belə izah edirlər ki, həddindən artıq düşünmə bəzi hallarda beynin problemi intuitiv şəkildə həll etməsinə mane olur və zehni “ilişmə” yaradır. Bu vəziyyət qərar keyfiyyətini aşağı sala bilər. Alimlərin fikrincə, insan beyni kompüterlər kimi milyonlarla ehtimalı hesablamır, əksinə, daha çox nümunələri tanıma və intuisiya əsasında işləyir. Təcrübəli beyin isə bəzi hallarda doğru qərarı saniyələr içində “hiss edə” bilir. Araşdırma nəticələri göstərir ki, xüsusilə yüksək təcrübə tələb edən sahələrdə bəzən daha az düşünmək, daha yaxşı nəticə verə bilər.


 


Fidan Hacızadə


Sfera.az