Qurban bayramında süfrələrdə əsasən yağlı və kalorili ət yeməklərinin üstünlük təşkil etməsi qidalanma mövzusunu yenidən diqqət mərkəzinə gətirir.
Bəs görəsən, ağır və kalorili ətlərin istifadə olunduğu Qurban bayramında qidalanma rejimini necə qurmalıyıq?
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, Qurban bayramında süfrələrdə əsasən yağlı və kalorili ət yeməkləri üstünlük təşkil etdiyi üçün qidalanma rejiminə xüsusi diqqət etmək vacibdir.
Onun sözlərinə görə, ətin həddindən artıq qəbulu həzm problemləri, köp, qəbizlik və mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər:
“Buna görə də bayram günlərində porsiya nəzarəti vacibdir. Yeni kəsilmiş ətin dərhal istehlakı tövsiyə olunmur. Ətin ən azı bir neçə saat soyuducuda saxlanılması onun daha rahat həzm olunmasına kömək edir. Qızartmalardan çox, qaynatma, sobada və ya manqalda bişirmə üsullarına üstünlük verilməsi daha faydalıdır”.
Ekspert qeyd edib ki, ətlə yanaşı rasionda mütləq tərəvəzlər, göyərtilər, ayran və bol su olmalıdır:
“Bu həm həzmi asanlaşdırır, həm də orqanizmdə ağırlıq hissinin qarşısını alır. Ağ çörək, qazlı içkilər və şirniyyatların həddindən artıq istifadəsi isə əlavə kalori yükü yaradır. Gün ərzində fiziki hərəkəti azaltmamaq, qısa gəzintilər etmək də vacibdir. Xüsusilə ürək-damar xəstəliyi, yüksək təzyiq, şəkərli diabet və mədə-bağırsaq problemi olan şəxslər yağlı ət və duzlu qidalardan daha ehtiyatla istifadə etməlidirlər”.
Niyaz Hacıyev
Sfera.az