Türkiyənin məşhur Yeşilçam aktyoru Kadir İnanırın səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, ağciyər infeksiyası səbəbindən reanimasiyada müalicə alan sənətçinin vəziyyətində qismən yaxşılaşma müşahidə edildiyi bildirilib. 77 yaşlı aktyor mayın 14-də səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmiş və ona pnevmoniya diaqnozu qoyulmuşdu.
Vəziyyətinin ağırlaşmasından sonra həkimlər tərəfindən intubasiya edilən sənətçinin müalicəsi reanimasiya şöbəsində davam edir. Kadir İnanırın həyat yoldaşı Jülide
Kural açıqlamasında infeksiya səviyyəsində azalma olduğunu bildirib. O, aktyorun vəziyyətində müəyyən irəliləyiş olsa da, hələlik tam müsbət danışmaq üçün erkən olduğunu vurğulayıb. “Kadirin infeksiya səviyyəsi ilk günlərlə müqayisədə daha yaxşıdır. Azalma var, amma müsbət danışmaq üçün hələ tezdir”, -deyə Kural qeyd edib. Yeşilçamın unudulmaz simalarından biri hesab edilən Kadir İnanır uzun illərdir Türk kino sənayesinin ən tanınmış aktyorlarından biri kimi fəaliyyət göstərib.
Fidan Hacızadə Sfera.az