Hər il mayın 29-u dünyada “Ümumdünya Sağlam Həzm Günü” kimi qeyd olunur.
Sfera.az bildirir ki, məqsəd insanların həzm sistemi xəstəlikləri barədə məlumatlandırılması, sağlam qidalanma vərdişlərinin təşviqi və mədə-bağırsaq sağlamlığının qorunmasına diqqətin artırılmasıdır.
Bu gün ilk dəfə Ümumdünya Qastroenterologiya Təşkilatının təşəbbüsü ilə təsis olunub. Müxtəlif ölkələrdə həkimlər, səhiyyə qurumları və mütəxəssislər tərəfindən maarifləndirici tədbirlər, seminarlar və sosial kampaniyalar keçirilir.
Mütəxəssislərin sözlərinə görə, qeyri-sağlam qidalanma, stress, az hərəkətli həyat tərzi və zərərli vərdişlər həzm sistemi problemlərinin artmasına səbəb olur. Ən çox rast gəlinən xəstəliklər arasında qastrit, mədə xorası, reflüks, bağırsaq pozğunluqları və qaraciyər problemləri yer alır.
Həkimlər sağlam həzm sistemi üçün düzgün və balanslı qidalanma, kifayət qədər su qəbulu, fiziki aktivlik və vaxtında tibbi müayinələrin vacib olduğunu bildirirlər. Xüsusilə fast-food məhsullarından həddindən artıq istifadə, qazlı içkilər və nizamsız qidalanmanın mədə-bağırsaq sisteminə mənfi təsir göstərdiyi vurğulanır.
Qeyd edək ki, həzm sistemi insan orqanizminin ən vacib funksiyalarından birini yerinə yetirir və ümumi sağlamlıq vəziyyətinə birbaşa təsir edir. Buna görə də mütəxəssislər sağlam həyat tərzinin gündəlik vərdişə çevrilməsini tövsiyə edirlər.
Firuzə Əliyeva
Sfera.az