Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlarda Hörmüz boğazının açılması məsələsi Türkiyə üçün İranın nüvə proqramı ilə bağlı müzakirələrdən daha prioritetdir.
Sfera.az xəbər verir ki, nazirin sözlərinə görə, Türkiyə, Pakistan və bir sıra digər ölkələr hazırda ABŞ ilə İran arasında davam edən danışıqlarda vasitəçi rolunu oynayır. Fidan qeyd edib ki, Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə olunacağı təqdirdə, növbəti mərhələdə İranın nüvə proqramı məsələsinin müzakirəsinə keçilməsi planlaşdırılır.
Hakan Fidan vurğulayıb ki, Hörmüz boğazı ətrafında yaranmış vəziyyət həm ABŞ-yə, həm də İrana ciddi təzyiq göstərir. “Bunun beynəlxalq təsirləri, xüsusilə enerji və ərzaq təhlükəsizliyi baxımından olduqca böyükdür. Vəziyyət elə bir həddə çatıb ki, bu məsələ ilə bağlı danışıqlar nüvə proqramı ilə əlaqədar müzakirələrdən daha vacib hesab olunmalıdır”,– deyə o bildirib.
Niyaz Hacıyev
Sfera.az