Amerikalı tanınmış ürək, damar cərrahı Jeremy London müasir dövrdə geniş istifadə olunan bəzi içki və qidalarla bağlı diqqətçəkən açıqlamalar verib.
Sfera.az xəbər verir ki, həkim gündəlik həyatımızda tez-tez istehlak edilən qazlı və şəkərli içkiləri “maye ölüm” adlandıraraq onların sağlamlıq üçün ciddi təhlükə yaratdığını bildirib.
Onun sözlərinə görə, bir çox insan alkoqol və siqareti əsas zərər mənbəyi hesab etsə də qazlı içkilər daha gizli təsirə malikdir. Yüksək şəkər və kalori tərkibli bu içkilər orqanizmdə metabolik pozğunluqlara səbəb olur və uzunmüddətli sağlamlıq problemləri yaradır. Həkim bu mövzuda açıq danışaraq şəkərli qazlı içkilərin tamamilə həyatımızdan çıxarılmalı olduğunu vurğulayıb.
Mütəxəssisin fikirləri elmi araşdırmalarla da üst-üstə düşür. Aparılan tədqiqatlara əsasən, qazlı içkilərin müntəzəm istifadəsi artıq çəki və piylənmə riskini artırır, orqanizmə həddindən artıq kalori yükləyir və faydalı qida maddələrinin qəbulunu azaldır. Bu isə ürək-damar xəstəliklərinin əsas səbəblərindən biri sayılan Tip 2 diyabet riskini yüksəldir.
Dr. London sağlam həyat üçün uzaq durduğu digər məhsulları da sadalayıb. O bildirib ki, alkoqol, siqaret və rafinə olunmuş un məhsulları, xüsusilə ağ çörək və makaron, qan şəkərində ani dəyişikliklərə səbəb olaraq insan orqanizminə mənfi təsir göstərir.
Həkim əlavə edib ki, sağlam həyat tərzinin əsasını düzgün qidalanma təşkil edir. Onun fikrincə, ümumi balansın 80 faizi qidalanma, 20 faizi isə fiziki aktivlikdən ibarət olmalıdır. Mütəxəssislər gündəlik istehlak etdiyimiz qida və içkilərin sağlamlığımıza birbaşa təsir etdiyini xatırladaraq xüsusilə qazlı içkilərdən uzaq durmağı tövsiyə edirlər.
Mənsumə
Sfera.az