Amerikalı reper və prodüser Kanye Vest İstanbulda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, böyük maraqla qarşılanan tədbirə Türkiyə ilə yanaşı, Birləşmiş Krallıq, Almaniya, Fransa, Hollandiya, İtaliya, Rusiya, Polşa və Yaxın Şərq ölkələrindən minlərlə musiqisevər qatılıb.
Məlumata görə, konserti təxminən 118 min tamaşaçı izləyib. Stadion şou başlamazdan bir neçə saat əvvəl tam dolub və tədbir böyük izdihamla yadda qalıb.
Sənətçi proqramına “Father Stretch My Hands” (“Ata”) mahnısı ilə başlayıb, gecənin finalını isə məşhur “Stronger” ifası ilə edib. Təxminən iki saat davam edən konsert zamanı Kanye Vest repertuarının ən sevilən mahnılarını səsləndirib. “King”, “Runaway”, “Power”, “Flashing Lights”, “Heartless”, “Black Skinhead”, “All The Love” və “Homecoming” kimi hitlər tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Səhnə şousu da gecənin ən çox diqqətçəkən məqamlarından biri olub. Los-Ancelesdəki “SoFi Stadium” konsertlərindən ilhamlanan xüsusi səhnə dizaynında stadionun mərkəzində yerləşdirilən nəhəng yarımkürə formasındakı platforma yüksək texnologiyalı proyeksiya sistemləri vasitəsilə Yer kürəsinin modelinə çevrilib.
Güclü işıq effektləri, duman şouları və sinxron vizual təqdimatlar tamaşaçılara unudulmaz anlar yaşadıb. Minlərlə insan mobil telefonlarının işıqlarını yandıraraq konsert atmosferinə rəng qatıb və stadionda təsirli görüntülər yaranıb.
Fidan Hacızadə
Sfera.az