Xərçəngin müalicəsi istiqamətində aparılan araşdırmalar ümidverici nəticələr verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın rəhbərliyi ilə 11 ölkədə həyata keçirilən beynəlxalq tədqiqat çərçivəsində sınaqdan keçirilən yeni müalicə üsulu xüsusilə mövcud terapiyalara cavab verməyən xəstələr üçün diqqətçəkən nəticələr ortaya qoyub.
Məlumata görə, “Johnson & Johnson” şirkəti tərəfindən hazırlanmış amivantamab adlı preparat metastatik və ya təkrarlanan baş-boyun xərçəngi olan 102 xəstə üzərində sınaqdan keçirilib. Bu xəstələr daha əvvəl kimyaterapiya və immunoterapiya kimi standart müalicələrə cavab verməmiş şəxslər olub. Tədqiqatın nəticələrinə əsasən, 43 xəstədə şişlərin ölçüsü kiçilib və ya tamamilə yox olub. Daha diqqətçəkən məqam isə 15 xəstədə şişlərin tamamilə aradan qalxmasıdır.
Araşdırmanın rəhbərlərindən biri, Kevin Harrinqton əldə edilən nəticələri yüksək qiymətləndirərək bildirib ki, bu göstəricilər həmin xəstə qrupunda indiyədək müşahidə olunan ən güclü müalicə reaksiyalarından biridir.
Mütəxəssislərin sözlərinə görə, amivantamab preparatının üstünlüyü onun xərçəngə eyni vaxtda üç fərqli istiqamətdən təsir göstərməsindədir. Dərman şiş hüceyrələrinin böyüməsini sürətləndirən iki əsas bioloji mexanizmi bloklayır, eyni zamanda immun sistemini aktivləşdirərək xərçəng hüceyrələrinə qarşı mübarizəni gücləndirir.
Alimlər hesab edirlər ki, əldə edilən nəticələr gələcəkdə müalicəyə davamlı baş-boyun xərçəngi xəstələri üçün yeni imkanlar yarada bilər. Bununla belə, preparatın geniş tətbiqə keçməsi üçün əlavə klinik tədqiqatların aparılması tələb olunur.
Fidan Hacızadə
Sfera.az